PDF Oxu

Siyasət

  • 665

Su resurslarının siyasi alətə çevrilməsi: Ermənistan təcrübəsi - ŞƏRH

image

Müasir dövrdə münaqişələr təkcə silahlarla aparılmır. Bəzən həyat üçün zəruri olan resurslar – su, enerji, ərzaq – siyasi və hərbi təzyiq vasitəsinə çevrilir. Ermənistan dövləti uzun illər ərzində Azərbaycana qarşı apardığı işğalçı siyasətdə məhz bu üsullardan istifadə etmiş, su resurslarını nəzarət və şantaj aləti kimi tətbiq edərək su terroru həyata keçirmişdir.

Su yalnız iqtisadi resurs deyil, insan həyatının ayrılmaz hissəsidir. Ermənistan isə bu həqiqəti bilərəkdən pozaraq suyu mülki əhali üzərində təsir vasitəsinə çevirmişdir. Su axınlarının süni tənzimlənməsi, planlı şəkildə kəsilməsi və ya təhlükəli həddə buraxılması nəticəsində minlərlə insanın gündəlik yaşayışı çətinləşdirilmiş, kənd təsərrüfatı iflic vəziyyətinə salınmışdır. Bu, təsadüfi deyil, ardıcıl və məqsədli şəkildə aparılan dövlət siyasəti olmuşdur.

Su terroru təkcə humanitar deyil, eyni zamanda ekoloji cinayətdir. Su balansının pozulması torpaqların şoranlaşmasına, flora və faunanın məhvinə, təbii tarazlığın pozulmasına səbəb olmuşdur. Ekoloji fəsadlar isə illərlə aradan qalxmayan dərin izlər buraxmışdır.

Ermənistanın həyata keçirdiyi su terrorunun əsas hədəfi mülki əhali olmuşdur. Qadınlar, uşaqlar, yaşlılar cəmiyyətin ən həssas təbəqələri bu siyasətin birbaşa qurbanına çevrilmişdir. İçməli su çatışmazlığı, sanitariya problemləri, kənd təsərrüfatında itkilər insanların sosial rifahına ciddi zərbə vurmuşdur. Bu isə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması deməkdir.

Beynəlxalq hüquqa görə su resurslarından müharibə və təzyiq aləti kimi istifadə qadağandır. Ermənistanın bu davranışı BMT prinsiplərinə, humanitar konvensiyalara və ekoloji təhlükəsizlik normalarına ziddir. Buna baxmayaraq, uzun müddət bu məsələ lazımi səviyyədə beynəlxalq diqqət mərkəzinə çıxarılmamış, Ermənistan isə məsuliyyətdən yayınmağa çalışmışdır.

Ermənistanın su terroru siyasəti bir daha sübut edir ki, işğal yalnız torpaq itkisi deyil, həm də insan həyatına, təbiətə və gələcəyə qarşı törədilən cinayətdir. Su resurslarının silaha çevrilməsi qəbulolunmazdır və bu cür siyasətlər gec-tez beynəlxalq hüquq qarşısında cavab verməli olur. Azərbaycan isə bu gün sülhə, ədalətə və sağlam gələcəyə əsaslanan mövqeyi ilə regionda məsuliyyətli dövlət olduğunu nümayiş etdirir.

Elvin Əliyev

YAP Babək rayon təşkilatının sədr müavini

Digər xəbərlər