YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 16 yanvar 2026-cı il tarixdə 20 yanvar faciəsinin 36-cıildönümü ilə əlaqədar təşkilatın inzibati binasında“20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı sovet qoşun hissələrinin Bakıya, eləcə də Azərbaycanın bir sıra yaşayış məntəqələrinə yeridildiyini, Qarabağdakı erməni vəhşiliyinə etiraz edən və Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən həmvətənlərimizə qarşı müxtəlif tipli silahlardan atəş açıldığını, nəticədə dinc insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirib. O, həmçinin Bakının zəbt edilməsinin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə həyata keçirildiyini, Bakı və ətraf rayonlarda 147 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını, həlak olanların arasında qadınların, uşaqların və qocaların da olduğunu diqqətə çatdırıb.
Seyfəddin Əliyev 20 Yanvarın ölkəmizin tarixində yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi kimi qeyd olunduğunu deyib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız, dövlətimiz tərəfindən daim əziz tutulduğunu, onların Vətən üçün tökdükləri qanın hədər getmədiyini, Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu vurğulayıb. Sözügedən təcavüz aktının xalqımızın azadlıq, demokratiya və ərazi bütövlüyü uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını qeyd edən natiq 20 Yanvar gecəsində şəhid olan Vətən övladlarının misilsiz şücaəti və qəhrəmanlığı sayəsində xalqımızın azadlığa və müstəqilliyə gedən yolunun açıldığını bildirib.
SeyfəddinƏliyev deyib ki, Qanlı Yanvar faciəsindən bir gün sonra Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək Azərbaycan xalqına başsağlığı verib, törədilən cinayətlərə görə Sovet İttifaqı rəhbərliyinin üzərinə məsuliyyət düşdüyünü bildirib: “Bu, 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət olub. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib”.
“20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır” deyə Seyfəddin Əliyev qeyd etmişdir.
Tədbirdə Elçin Ağayevçıxış edərək Azərbaycan tarixinə şərəflə yazılan 20 Yanvar gününün xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib. Qeyd olunub ki, xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı.
Sonda Şəfəq Dadaşova, Zəhra Abdullayevavə başqaları çıxışlarında xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildiriblər. Onlar şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.