PDF Oxu

Siyasət

  • 1 197

Azərbaycan tərəqqi dövrünü yaşamaqdadır

image

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramları Azərbaycanın sosial və kommunal infrastrukturunun köklü şəkildə yenilənməsinə səbəb olmuşdur. Bu dövrdə Bakı şəhəri və ölkənin bütün bölgələrində elektrik, qaz, içməli su, rabitə, yol və nəqliyyat infrastrukturları müasir standartlar səviyyəsində qurulmuş, əhalinin kommunal xidmətlərə çıxışı maksimum həddə çatdırılmışdır.

Xüsusilə enerji təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisinin fasiləsiz və etibarlı təchizatı təmin olunmuş, paralel olaraq “yaşıl enerji”yə keçid üçün möhkəm baza formalaşdırılmışdır. Qazlaşdırma proqramının ardıcıl icrası nəticəsində bu gün əhalinin 96 faizi təbii qazla təmin edilir. Avtomobil yollarının inşası sahəsində reallaşdırılan genişmiqyaslı layihələr isə magistral, şəhərlərarası və kənd yollarının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan vermişdir.
Kommunal infrastrukturun ən strateji sahələrindən biri olan içməli su və suvarma sistemlərinin inkişafı isə dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. 2004-cü ildə içməli su ilə təminat ölkə üzrə cəmi 40 faiz, Bakı və Abşeron yarımadasında isə 29 faiz olduğu halda, bu göstərici hazırda müvafiq olaraq 73 və 70 faizə çatdırılmışdır. Bu, məqsədyönlü və ardıcıl dövlət siyasətinin real nəticəsidir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və Bakı şəhəri ilə Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirədə də vurğulandığı kimi, etibarlı və fasiləsiz su təminatı dövlət üçün xüsusi prioritetdir. Bu məqsədlə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmiş və proqram çərçivəsində genişmiqyaslı layihələrin icrası nəzərdə tutulmuşdur.
Son 20 ildə tutumu 500 milyon kubmetrdən artıq olan nəhəng su anbarlarının inşası, “Taxtakörpü” və “Şəmkirçay” kimi strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi, Oğuz–Qəbələ–Bakı və Samur–Abşeron su kəmərlərinin istismara verilməsi Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu layihələr dövlətin iqtisadi gücünü və uzaqgörən su strategiyasını aydın şəkildə nümayiş etdirir.
Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası və yenidən qurulması da sürətlə həyata keçirilir. “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarlarının vahid su sisteminə inteqrasiyası, eləcə də “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi ölkənin daxili su ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına imkan yaradacaq.
Qlobal iqlim dəyişmələri, su ehtiyatlarının azalması və əhali artımı fonunda daxili su mənbələrinin genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Dövlət Proqramı məhz bu çağırışlara cavab olaraq su ehtiyatlarının artırılmasını, infrastrukturun yenilənməsini və müasir idarəetmə mexanizmlərinin tətbiqini hədəfləyir.
Proqram çərçivəsində 200 kilometrdən artıq magistral və paylayıcı şəbəkələrin tikintisi, su anbarlarının sayının 30-a çatdırılması, yeni kanalların və kollektor sistemlərinin qurulması nəzərdə tutulur. Eyni zamanda, dəniz suyunun duzsuzlaşdırılması layihəsi vasitəsilə Abşeron yarımadasının su təchizatı daha da gücləndiriləcək və Bakının altıncı su mənbəyi formalaşacaq.
Rəqəmsal idarəetmə, SCADA və IoT texnologiyalarının tətbiqi ilə su təsərrüfatında çevik və şəffaf idarəetmə sistemi qurulacaq. Bu isə xidmətlərin keyfiyyətinin və dayanıqlığının artırılmasına xidmət edəcək.
Nəticə etibarilə, 2035-ci ilə qədər həyata keçiriləcək Dövlət Proqramı Azərbaycanın su təhlükəsizliyini uzunmüddətli dövr üçün təmin etməklə yanaşı, əhalinin fasiləsiz içməli su təminatını 95 faizə çatdıracaq, Bakı, Sumqayıt, Abşeron rayonu və onlarla yaşayış məntəqəsində həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcəkdir.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər