PDF Oxu

Siyasət

  • 1 341

20 Yanvar - Qanla yazılan tarix, müstəqilliyə aparan yol - ŞƏRH

image

Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli, eyni zamanda ən şərəfli günlərdən biri 20 yanvar 1990-cı ildir. Bu tarix təkcə qanlı faciə deyil,həm də xalqımızın azadlıq iradəsinin, müstəqillik əzminin bütün dünyaya nümayişi idi.20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışının zirvəsi, müstəqil dövlətçilik yolunda dönüş nöqtəsi idi.

1980-ci ilin sonlarında Sovet ittifaqında gedən siyasi böhran, milli respublikalarda azadlıq hərəkatlarının güclənməsi Azərbaycanda da özünü göstərdi. Xalq uzun illər davam edən ədalətsizliyə, milli hüquqlarının tapdalanmasına, xüsusilə də Dağlıq Qarabağ məsələsində erməni separatizminə və rəsmi Moskvanın qərəzli mövqeyinə qarşı etiraz edirdi. Bakıda və digər şəhərlərdə keçirilən dinc mitinqlər xalqın azad yaşamaq istəyinin ifadəsi idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun ağır hərbi texnikası Bakı şəhərinə yeridildi, dinc əhaliyə qarşı misli görülməmiş qəddarlıq nümayiş etdirildi. Qadınlar, uşaqlar, yaşlı insanlar və gənclər güllə baran edildi. Rəsmi məlumatlara görə yüzdən artıq insan həlak oldu, yüzlərlə şəxs şəxs yaralandı. Bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş ağır cinayət idi. 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındırmadı, əksinə xalq daha da birləşdi və azadlıq uğrunda mübarizədən geri dönüşün olmadığını nümayiş etdirdi. Şəhidlərin dəfni ümumxalq matəmə çevrilsə də eyni zamanda milli həmrəyliyin və qürurun təzahürü oldu. Bu hadisə Sovet İttifaqının əsl mahiyyətini açıq şəkildə göstərdi və süqutunun qaçınılmaz olduğunu sübut etdi.

20 Yanvar faciəsi müstəqilliyə gedən yolun başlanğıcı kimi tarixə düşdü. Məhz bu qanlı hadisədən sonra Azərbaycan cəmiyyətində milli şüur və dövlətçilik ideyası daha da gücləndi. Xalq öz taleyini yalnız müstəqil dövlət şəraitində müəyyən edəcəyini dərk edirdi. 20 Yanvar faciəsi göstərdi ki heç bir güc Azərbaycan xalqının azadlıq istəyini boğa bilməz. Bu Tarix müstəqil Azərbaycanın formalaşma yolunda qanla yazılmış, lakin qürurla daşınan bir salnamədir.

Ülkər Əliyeva

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər