Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizə tarixində şəhidlik anlayışı ən ali mənəvi dəyər kimi formalaşıb. Vətən yolunda canından keçən qəhrəmanların xatirəsinin əziz tutulması, onların ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi isə Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan şəhidlərinə borcludur və bu borcun ödənilməsi dövlətin ən müqəddəs vəzifələrindəndir. Məhz bu yanaşmanın nəticəsidir ki, ölkədə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Respublikanın müxtəlif bölgələrində şəhidlərin adına abidələr ucaldılır, xatirə kompleksləri yaradılır, küçə, məktəb və digər ictimai obyektlər onların adını daşıyır. Şəhidlər Xiyabanları dövlət səviyyəsində qorunur, onların məzarları daim abadlaşdırılır.
Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin sosial siyasətində xüsusi yer tutur. Son illər ərzində şəhid ailələri və müharibə iştirakçıları üçün çoxsaylı sosial proqramlar icra olunmuşdur. Şəhid ailələrinə və qazilərə mənzillərin və fərdi evlərin verilməsi, birdəfəlik ödənişlərin həyata keçirilməsi, müavinət və pensiyaların mütəmadi olaraq artırılması bu sahədə görülən işlərin bariz nümunəsidir. Dövlət tərəfindən təqdim edilən bu sosial təminatlar ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Eyni zamanda, şəhid ailələrinin üzvlərinin məşğulluğunun təmin edilməsi, onların təhsil və səhiyyə xidmətlərindən güzəştli şəkildə istifadə etməsi istiqamətində də ardıcıl addımlar atılır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində şəhid ailələrinin nümunəvi mövqeyi daim önə çəkilir, onların cəmiyyətə inteqrasiyası üçün zəruri şərait yaradılır. 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri daha da genişləndirildi. Müharibədə qəhrəmanlıq göstərmiş övladlarını itirən ailələrə dövlət qayğısı sistemli və davamlı xarakter aldı. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarını heç vaxt tək qoymur və şəhid ailələrinə göstərilən diqqət sadəcə vəd deyil, real və konkret addımlarla ifadə olunan siyasətdir.Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu humanist və vətənpərvər siyasət şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulmasına, onların ailələrinin isə layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir. Bu siyasət Azərbaycan dövlətinin gücünü, milli birliyini və şəhidlərə olan sonsuz ehtiramını parlaq şəkildə nümayiş etdirir.
Əjdər Məmmədhəsənov
YAP Sədərək rayon təşkilatının fəalı, Sədərək kənd ərazi patyiya təşkilatının sədri