PDF Oxu

Siyasət

  • 960

Beynəlxalq hüququn sarsılan etibarı və insan qardaşlığına çağırış - ŞƏRH

image

2026-cı ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə qlobal siyasi gündəmin ən aktual məsələlərinə toxunan mühüm siyasi bəyanat kimi yadda qaldı. Dövlət başçısının səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətləri, beynəlxalq hüququn selektiv tətbiqini və eyni zamanda, humanizmə əsaslanan yeni qlobal düşüncə modelinə olan ehtiyacı açıq şəkildə ortaya qoydu.

Cənab Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı əsas məqamlardan biri beynəlxalq hüquq normalarının artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq xarakter daşımaması ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, beynəlxalq hüquq bu gün bir çox hallarda universal norma kimi deyil, böyük güclərin maraqlarına uyğun şəkildə tətbiq edilən siyasi alətə çevrilib. Bu isə beynəlxalq sistemdə ədalət prinsipinin ciddi şəkildə zədələnməsinə səbəb olur.

Azərbaycanın bu mövqeyi təsadüfi deyil. Ölkəmiz uzun illər beynəlxalq hüququn açıq şəkildə pozulmasının qurbanı olmuş, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalmışdır. Cənab Prezident İlham Əliyevin Davosdan verdiyi mesaj əslində yalnız Azərbaycanın deyil, oxşar taleyi yaşamış bir çox dövlətin səsini ifadə edir. Dövlət başçısı haqlı olaraq vurğuladı ki, əgər beynəlxalq hüquq hamı üçün eyni dərəcədə işləmirsə, bu sistemin legitimliyi və gələcəyi sual altına düşür.

Bu kontekstdə cənab Prezident İlham Əliyevin çıxışı beynəlxalq münasibətlərdə ikili standartlara qarşı açıq siyasi mövqe, ədalətli və bərabərhüquqlu dünya nizamına çağırış kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha nümayiş etdirdi ki, rəsmi Bakı yalnız öz milli maraqlarını deyil, qlobal miqyasda hüququn aliliyini müdafiə edən prinsipial mövqeyə malikdir.

Müsahibənin diqqətçəkən digər mühüm hissəsi cənab Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı fikirləri oldu. Dövlət başçısı bu nüfuzlu mükafatı almağı özünə böyük şərəf hesab etdiyini vurğulayaraq, bunun Azərbaycan dövlətinin multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində həyata keçirdiyi ardıcıl siyasətə verilən beynəlxalq qiymət olduğunu bildirdi.

Cənab Prezident İlham Əliyevin sözlərinə görə, insan qardaşlığı ideyası bu gün bəşəriyyət üçün alternativsiz dəyərdir. Münaqişələr, dini və etnik ayrı-seçkilik, ideoloji qarşıdurmalar fonunda humanist yanaşma və qarşılıqlı hörmət prinsipləri qlobal sabitliyin əsas açarına çevrilməlidir. Azərbaycan bu sahədə öz təcrübəsi ilə nümunə göstərilə bilən ölkələrdəndir.

Əsrlər boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin birgə sülh şəraitində yaşadığı Azərbaycan modeli bu gün beynəlxalq platformalarda da böyük maraq doğurur. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu siyasətin beynəlxalq miqyasda tanınmasının və qəbul edilməsinin göstəricisidir.

Cənab Prezident İlham Əliyevin “Euronews”ə müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan qlobal proseslərin kənarında qalan deyil, beynəlxalq gündəmin formalaşmasında aktiv rol oynayan dövlətdir. Dövlət başçısının həm beynəlxalq hüquqla bağlı sərt və realist mövqeyi, həm də humanizm və insan qardaşlığına dair verdiyi mesajlar müasir dünyanın ziddiyyətli mənzərəsini dəqiq əks etdirir.

Bu müsahibə eyni zamanda Azərbaycanın xarici siyasətinin fəlsəfəsini açıq şəkildə ortaya qoyur. Gücə deyil, hüquqa əsaslanan münasibətlər sistemi, qarşıdurmaya deyil, dialoqa üstünlük verən yanaşma və nifrətə deyil, insan qardaşlığına söykənən dünya baxışı.

Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Davosdan səsləndirdiyi fikirlər təkcə bir müsahibə deyil, həm də qlobal ictimaiyyətə ünvanlanan ciddi siyasi manifest kimi qiymətləndirilməlidir. Bu manifest ədalətsizliyə qarşı mövqeni, humanizmə sadiqliyi və beynəlxalq münasibətlərdə yeni, daha ədalətli mərhələyə keçidin zəruriliyini açıq şəkildə ifadə edir.

Nicat İsmayılov

Yap Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər