PDF Oxu

Siyasət

  • 486

Güclü dövlət güclü gəncliklə mümkündür

image

Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını açıq-aydın görmək mümkündür. Bu, heç də təsadüfi deyil. Çünki gənclik aparıcı qüvvə olmaqla dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirir, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verir.

Heydər Əliyev hələ 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində gənclər siyasətini dövlətin prioritet istiqaməti kimi müəyyənləşdirdi. “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır” deyən Ulu Öndər 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyini yaratdı. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi.

Azərbaycan gənclərinin forumlarının keçirilməsi, gənclər siyasətinin mahiyyətini əks etdirən qanunvericilik təşəbbüsləri, vətənpərvərlik tərbiyəsinin ön plana çəkilməsi Ümummilli Liderin gənclərə baxışının əsas istiqamətlərini təşkil edirdi. 1996–2002-ci illər ərzində keçirilən forumlarda, görüşlərdə və çıxışlarda Ulu Öndər Heydər Əliyev gəncləri milli dövlətçiliyin daşıyıcısı kimi formalaşdırmağın vacibliyini xüsusi vurğulayırdı.Bu gün Azərbaycan gəncliyinin əldə etdiyi uğurlar Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl və müasir çağırışlara uyğun şəkildə davam etdirilməsinin nəticəsidir.

2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni inkişaf pilləsinə yüksəldi. "İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar" - deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına" çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. 2007-ci il ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. 2013-cü il iyulun 2-də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi. Bundan başqa Prezident İlham Əliyev 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nı təsdiq etdi.

Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Belə ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Bu illər ərzində ölkə gəncliyi Prezident İlham Əliyevin Qarabağ probleminin aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində apardığı siyasəti tam dəstəklədi. Məhz gənclərin rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində gənclərimiz həm ön, həm də arxa cəbhədə inamla mübarizə apardı. Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, informasiya müharibəsinin ön cəbhəsində də ölkənin maraqlarını qətiyyətlə müdafiə etdi. Bu gün hər bir Vətən müharibəsi iştirakçısı olan gənc xalqımızın qürur mənbəyidir və onların fədakarlığı Azərbaycan tarixinin ən parlaq səhifələrinə çevrilib.

Qeyd edək ki, Azərbaycanın “idman ölkəsi” kimi tanınması da gənclər siyasətinin mühüm tərkib hissəsidir. Bakıda keçirilən Birinci Avropa Oyunları dünya idman tarixində ilk olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlar dövlət başçısının gənclərə göstərdiyi diqqətin real nəticəsidir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi innovasiya, rəqəmsal bacarıqlar və yeni texnologiyalar sahəsində də fəal mövqe tutur. Gənclərin xaricdə təhsil proqramları, 2026–2027-ci tədris ili üzrə universitet və proqramların təsdiqi bu sahədə davamlı inkişafın göstəricisidir. Heydər Əliyev Fondunun gənclərin inkişafına verdiyi töhfələr isə xüsusi əhəmiyyət daşıyır.

2 Fevral – Azərbaycan Gəncləri Günü bir daha göstərir ki, güclü dövlət güclü gəncliklə mümkündür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin parlaq gələcəyinə möhkəm zəmin yaradır.Bu əlamətdar gün münasibətilə bütün gənclərimizi təbrik edir, onlara sağlamlıq, bilik, əxlaq və vətənpərvərlik yolunda uğurlar arzulayırıq!

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər