Bu gün Azərbaycan–Ermənistan sülh prosesi artıq regional çərçivəni aşaraq beynəlxalq siyasi gündəliyin mühüm mövzularından birinə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı da bunu aydın şəkildə nümayiş etdirdi. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülməyin böyük şərəf kimi qiymətləndirilməsi, eyni zamanda, uzaqgörən liderliyin qlobal miqyasda necə dərin nəticələr doğura biləcəyinə dair rəmzi məna daşıyır. Mərhum Şeyx Zayedin baxışları sayəsində Birləşmiş Ərəb Əmirliklərinin dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevrilməsi, sülh və sabitliyin strateji dəyərini sübut edən nümunə kimi təqdim olunur.
Çıxışın mərkəzi xəttlərindən biri Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş sülhün regional və beynəlxalq əhəmiyyətidir. Otuz ildən artıq müharibə şəraitində yaşamış iki ölkənin artıq altı aydır sülh şəraitində mövcud olması, yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik arxitekturasında müsbət dəyişiklik kimi dəyərləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sülh Cənubi Qafqaz üçün yeni siyasi reallıq yaradaraq qarşıdurma zonasını əməkdaşlıq məkanına çevirmək potensialına malikdir.
Bu prosesdə Amerika Birləşmiş Ştatlarının oynadığı rol xüsusi yer tutur. ABŞ Prezidenti Donald Trampın 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etməsi, Vaşinqtonun sülh prosesinə verdiyi siyasi çəkini və beynəlxalq məsuliyyəti açıq şəkildə ortaya qoydu. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması, ABŞ-ın vasitəçilik missiyasının real və nəticəyönümlü xarakter daşıdığını sübut etdi. Bu addım Vaşinqtonun qlobal sülh təşəbbüslərində aktiv aktor kimi çıxış etdiyini bir daha təsdiqlədi.
Vaşinqton Sammitindən sonrakı altı ayın tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş dövrü kimi xarakterizə edilməsi, sülh prosesinin davamlı və institusional xarakter aldığını göstərir. Bu müddət ərzində tərəflər arasında praktiki əməkdaşlığın başlaması, Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistana neft məhsullarının ixracına başlanması siyasi iradənin real addımlarla möhkəmləndirildiyini sübut edir. ABŞ-ın bu mərhələdə prosesə verdiyi siyasi dəstək, əldə olunan razılaşmaların geri dönməzliyini gücləndirən mühüm amil kimi çıxış edir.
Prezident İlham Əliyevin vurğuladığı mühüm məqamlardan biri də sülhün mümkünlüyünün əsas şərtləridir. Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə mövcud olduğu və proses dost ölkələr, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülhün real nəticə verdiyi dövlət başçısının çıxışında açıq şəkildə ifadə olunur. Bu baxımdan ABŞ-ın mövqeyi təkcə vasitəçi deyil, eyni zamanda sülhü təşviq edən qlobal güc kimi qiymətləndirilir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri