Azərbaycan hər zaman olduğu kimi, bu gün də qütbləşən dünyada dayanıqlı sülh, əməkdaşlıq, birlik, təhlükəsizlik çağırışları ilə diqqət mərkəzindədir. Eyni zamanda davamlı olaraq dövlətlər arasında yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanla davamlı sülhün bərqərar olması yolunda cəsur addımlar atır, qətiyyətli iradə nümayiş etdirir. Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Dövlət Başçımıza “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması bunu bir daha sübut etdi.
Mükafatın təqdimolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm. O, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.
Dövlət Başçımız qeyd etdi ki, bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik. Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
Prezidentimiz Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd etdiyi son məqam bundan ibarət oldu ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Dövlət Başçımıza “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması zamanı digər dövlət başçıları da çıxışlarında insan qardaşlığının, yan-yana yaşamağın gücünə və bəşəriyyətin bir hissəsi kimi bütün millətlər, mədəniyyətlər və dinlərdən olan xalqlara hörmətlə yanaşmanın qüdrətinə qəti şəkildə inandıqlarını vurğuladılar. Bunun üçün isə məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini və güclü etimad yarada bilər. Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi