PDF Oxu

Siyasət

  • 1 204

Azərbaycanın sülh modeli milli maraqlara, ədalət və humanizm prinsiplərinə əsaslanır

image

Prezident İlham Əliyevin fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan siyasətin prioritetlərini nümayiş etdirir. Bu əlamətdar hadisə dövlətimizin başçısının beynəlxalq miqyasda humanizmə, sivilizasiyalararası dialoqa və davamlı sülhə verdiyi töhfələrin yüksək dəyərləndirilməsi olmaqla yanaşı, regionda formalaşan yeni siyasi reallıqların da mühüm təsdiqinə çevrilib.Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafata layiq görülmək liderin fəaliyyətinə verilən böyük etimadın göstəricisidir. Bu mükafat tolerantlıq, qarşılıqlı hörmət, dinlər və mədəniyyətlər arasında anlaşma kimi ümumbəşəri dəyərləri təşviq edən şəxslərə təqdim olunur. Prezident İlham Əliyevin həmin mükafata layiq görülməsi həyata keçirilən siyasətin yalnız milli maraqlara deyil, həm də qlobal sabitlik və həmrəyliyə xidmət etdiyini bir daha nümayiş etdirir.Azərbaycan Prezidentinin mərasimdəki çıxışının əsas xəttini regional sülh prosesi təşkil edir. Onilliklər boyu davam edən müharibə şəraitindən sonra ölkəmizin yeni mərhələyə qədəm qoyması tarixi hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısının “Biz sülh şəraitində yaşamağı öyrənirik” fikri əslində bütöv bir xalqın psixoloji və siyasi transformasiyasını ifadə edir.Vaşinqtonda keçirilmiş Zirvə Görüşündən sonra ötən altı ayın tərəfdaşlıq və əməkdaşlıq mərhələsi kimi xarakterizə edilməsi regionda real dəyişikliklərin baş verdiyini göstərir. Sülh sazişinin paraflanması, qarşılıqlı addımların atılması, nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması artıq praktiki nəticələrin əldə olunduğunu təsdiqləyir. Dövlətimizin başçısı bu prosesdə beynəlxalq tərəfdaşların, xüsusilə ABŞ administrasiyasının vasitəçiliyini də qeyd edib. Bu amillər göstərir ki, regionda formalaşan yeni təhlükəsizlik arxitekturası geniş beynəlxalq dəstəyə malikdir.Diqqət çəkən məqamlardan biri odur ki, əməkdaşlıq artıq iqtisadi və humanitar müstəvidə konkret addımlarla müşayiət olunur. Yük daşımalarının bərpası, enerji məhsullarının ixracı, ticarət əlaqələrinin genişləndirilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Həmin yanaşmaya əsasən, dayanıqlı sülh yalnız diplomatik sənədlərlə deyil, real iqtisadi inteqrasiya və qarşılıqlı fayda üzərində qurulur. Məhz bu model uzunmüddətli sabitliyin əsas təminatıdır.Əbu-Dabidəki mərasim həm də güclü siyasi mesaj xarakteri daşıyır. Prezident İlham Əliyev vurğulayıb ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Əgər siyasi iradə, qarşılıqlı hörmət və beynəlxalq dəstək varsa, istənilən məsələni həll etmək olar. Bu yanaşma təkcə region üçün deyil, dünyada davam edən digər münaqişələr üçün də nümunə kimi dəyərləndirilə bilər. Dövlətimizin başçısının sözləri ilə desək, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir.Son danışıqlar raundunun məhz Əbu-Dabidə keçirilməsi və sülhə aparan razılaşmanın burada əldə olunması mərasimin rəmzi məna daşıdığını nümayiş etdirir. Bu fakt təsadüfi seçim deyil, əksinə, tərəflər arasında formalaşmış yüksək etimadın və konstruktiv dialoq mühitinin göstəricisidir. Əbu-Dabi artıq təkcə diplomatik görüşlərin keçirildiyi neytral məkan funksiyasını daşımır, eyni zamanda mürəkkəb siyasi proseslərin nəticə verdiyi, real razılaşmaların əldə olunduğu etibarlı platforma kimi çıxış edir.Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatı həm humanizm dəyərlərinin təntənəsi, həm də regional sabitliyin möhkəmlənməsi istiqamətində atılan addımların beynəlxalq səviyyədə etiraf edilməsidir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi isə reallaşdırılan siyasətin effektivliyini bir daha təsdiqləyir. Bugünkü reallıqlar göstərir ki, sülh artıq sadəcə arzu deyil, məqsədyönlü siyasət, güclü iradə və qarşılıqlı etimad sayəsində gerçəkliyə çevrilə bilən strateji hədəfdir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər