PDF Oxu

Siyasət

  • 977

Əbu-Dabidə humanist liderlik nümunəsi ŞƏRH

image

4 fevral 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Cənab Prezident çıxışında müasir beynəlxalq münasibətlər sistemində humanist liderliyin əhəmiyyətini bir daha ön plana çıxardı. Burada təkcə bir tədbir çərçivəsində səsləndirilən rəsmi nitq deyil, həmçinin qlobal miqyasda sülhə, qarşılıqlı hörmətə və dəyərlər əsasında birgəyaşayışa çağırış idi.

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada tolerantlığın, multikulturalizmin, sülhün və dinlərarası dialoqun təşviqinə mühüm töhfə verən dövlət və ictimai xadimlərə təqdim olunur. Bu mükafat mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin humanist irsini yaşatmaq məqsədi daşıyır. İnsanı mərkəzə alan bu mükafat idarəetmə fəlsəfəsini təcəssüm etdirir. “Zayed İnsan Qardaşlığı Mükafatı”-nın ölkəmizin başçısı cənab İlham Əliyevə təqdim olunması onun beynəlxalq arenada humanist lider, dialoqun tərəfdarı və sabitliyin müdafiəçisi kimi qəbul edildiyini təsdiqləyir. Bu mükafat təkcə cənab Prezidentin fəaliyyətinə verilən qiymət kimi deyil, həmçinin bütöv Azərbaycan dövlətinin və xalqının multikultural dəyərlərə sadiqliyinin tanınması kimi dəyərləndirilir. İnsan qardaşlığı ideyası ölkəmiz üçün abstrakt anlayış deyil, real siyasi və ictimai praktikadır.

Azərbaycan tarixən müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı məkan olub. Bu, müasir dövrdə də dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qorunur və inkişaf etdirilir. Multikulturalizm və tolerantlıq Azərbaycanda ideoloji şüar deyil və gündəlik həyat tərzidir. Münaqişələrin, dini və irqi zəmində nifrət çağırışlarının artdığı dövrdə insan qardaşlığı ideyasının qorunması xüsusi əhəmiyyətlidir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, xüsusilə Azərbaycanın beynəlxalq dialoq platformalarında oynadığı fəal rola görədir. Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu, dinlərarası əməkdaşlığa dair beynəlxalq təşəbbüslər ölkəmizin qlobal humanist gündəlikdə tutduğu mövqeyin real göstəricisidir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasət nəticəsində Azərbaycan regionda sabitliyin, qarşılıqlı hörmətin və mədəni müxtəlifliyin qorunduğu nümunəvi ölkə kimi tanınır.

“Zayed İnsan Qardaşlığı Mükafatı” dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir. Dövlət başçısı cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə bu nüfuzlu mükafata layiq görülməsi və mərasimdə səsləndirdiyi fikirlər humanist liderliyin müasir nümunəsi kimi dəyərləndirilir. Bu bir daha göstərir ki, Azərbaycan qlobal sülh, dialoq və insan qardaşlığı ideyalarının fəal, prinsipial tərəfdarıdır.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər