Ölkə başçısı İlham Əliyev fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil edilmiş “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak edib.
Təqdimolunma mərasimi Birləşmiş Ərəb Əmirliklərinin himni ilə başladı, daha sonra “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx qonaqlara nümayiş etdirildi, ardıyca isə Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamın çıxışı dinlənildi.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun və başqa dövlət başçılarının “Zayed İnsan Qardaşlığı Mükafat”ının laureatlarına təbrik videomüraciətləri izlənildi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı dinlənildi. Cənab Prezident İlham Əliyev ilk növbədə mükafata görə münsiflər heyətinə öz təşəkkürünü bildirərək, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan mükafata layiq görülməsini özü üçün böyük şərəf hesab etdiyini vurğuladı. Prezident İlham Əliyev Şeyx Zayedin xidmətlərini dəyərləndirərək qeyd etdi ki: “O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”.
Cənab Prezident İlham Əliyev daha sonra Şeyx Məhəmmədin atasının yolunu layiqli şəkildə davam etdirdiyini bildirdi, Birləşmiş Ərəb Əmirliklərinin tarixi köklərinə möhkəm bağlı qaldıqlarını, eyni zamanda gələcəyə inamla baxaraq, sülh və ahəngdarlıq şəraitində yaşayan bir ölkə kimi digər ölkələrə nümunə olduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışını davam etdirərək, Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə, Roma Papası, Zati-müqəddəsləri Leoya sivilizasiyaların bir-birinə yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə öz təşəkkürünü bildirdi. Daha sonra Ölkə Başçısı İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, bütün həmkarlarına minnətdarlığını bildirdi. Sülhün iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyətindən danışan İlham Əliyev 30 il müharibə şəraitində yaşadığımızı, ancaq, bu gün sülh və əmin-amanlıqda olduğumuzu qonaqların diqqətinə çatdırdı: “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik”.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonra Azərbaycan və Ermənistan arasında əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyişlərin olduğunu qeyd etdi. Daha sonra İlham Əliyev ABŞ Prezidenti Donald Trampa da sülhün bərqərar olması istiqamətində gördüyü işlərə görə öz təşəkkürünü bildirdi.
İlham Əliyev bu altı ayda Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafından söhbət açaraq qeyd etdi ki: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.
Ölkə başçısı İlham Əliyev onu da qeyd etdi ki, bu mükafatlandırma mərasimi və hörmətli münsiflər heyətinin Azərbaycan və Ermənistan başçılarını bu cür dəstəkləmələri hər iki ölkəni daha da ruhlandırır: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında sonuncu danışıqlar raundunun ötən ilin iyul ayında baş tutması və Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün son razılığın burada əldə edilməsi rəmzi məna daşıyır. Daha sonra Prezident İlham Əliyev hər kəsə öz təşəkkürünü bildirərək, çıxışını başa vurdu.
Prezident İlham Əliyevdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışı dinlənildi.
Tədbirin sonunda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər laureatlara “Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim etdi.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində incəsənət gimnaziyasının müəllimi