Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə şəxsi liderlik keyfiyyətlərinin deyil, həm də Azərbaycanın yürütdüyü humanizm və sülh siyasətinin beynəlxalq miqyasda etirafıdır. Bu hadisə fonunda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlərin dinamikası yeni bir strateji mərhələyə qədəm qoyur. İki ölkə arasındakı qardaşlıq bağlarının ən bariz nümunəsi ötən ilin sentyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın Azərbaycana səfəri zamanı yaşandı.
Səfərin birbaşa Füzuli Beynəlxalq Hava Limanında qarşılanma ilə başlaması və mühüm sənədlərin Qarabağın tacı Şuşada imzalanması dərin rəmzi məna daşıyırdı. Bu, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və işğaldan azad edilmiş torpaqlarda apardığı genişmiqyaslı quruculuq işlərinə verdiyi ən ali dəstək idi.
Azərbaycanın 30 il boyunca səbir nümayiş etdirməsi, BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını gözləməsi ölkəmizin sülhə sadiqliyinin sübutu idi. Lakin beynəlxalq aləmin ikili standartları və Ermənistanın destruktiv mövqeyi 44 günlük Vətən müharibəsini qaçılmaz etdi. Tarixi Zəfərdən dərhal sonra qalib dövlət kimi Ermənistana sülh əlini uzadan Azərbaycan, regionda yeni bir əməkdaşlıq erasının təməlini qoydu.
“Zayed İnsan Qardaşlığı Mükafatı” həm də Azərbaycanın regionda yaratdığı yeni reallıqlara – sülh gündəliyinə verilən qiymətdir. Prezident İlham Əliyev təqdimat mərasimindəki çıxışında mühüm bir məqamı vurğuladı: Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün nəinki siyasi, həm də praktik addımlar atır.
Yük daşımalarındakı məhdudiyyətlərin aradan qaldırılması;
Ermənistana neft məhsullarının ixracına başlanılması;
Ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri.
Bütün bunlar göstərir ki, Azərbaycan tərəfi sülhü sadəcə bəyanatlarla deyil, konkret iqtisadi və humanitar layihələrlə dəstəkləyir.BƏƏ Prezidentinin də qeyd etdiyi kimi, rəsmi Əbu-Dabi Qafqazda sabitliyin bərqərar olmasını strateji prioritet hesab edir. Prezident İlham Əliyevin bu mükafatla təltif olunması, Azərbaycanın regionda "sülhün müəllifi" kimi qəbul edildiyini və ölkəmizin qlobal humanitar proseslərdəki rolunun getdikcə artdığını bir daha təsdiqlədi.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri