PDF Oxu

Siyasət

  • 543

Taleyinə 24 bahar yazılmış zəfər şəhidi

image

Taleyinə qısa, amma şərəfli 24 bahar yazılmış Biləsuvarın Çaylı kəndində boya-başa çatan Kamran Füzuli oğlu Məmmədzadə Vətənin dar günündə dadına çatmaqla ona olan ilahi sevgisini yolunda canını fəda etməklə bildirdi. Odur ki, bu dünyadan getməsi cismani oldu, şərəfli ölümü ona milyonların ürəyində yer etməklə əbədi bir ömür qazandırdı. Necə deyərlər, zəfər şəhidi Kamran qara torpağa gömülmədi, əlçatmaz, ünyetməz göylərə ucaldı. Biləsuvarın qəhrəman oğlu Vətənə, torpağa sonsuz məhəbbət mücəssəməsi olaraq mənən yaşayır və qərinələr ötdükcə daha da ehtiramla xatırlanacaq. Ölümündən sonra dövlət tərəfindən layiq olduğu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Füzulinin azadlığına görə medalları ölümsüzlüyə qovuşan qəhrəmanın müharibə meydanında göstərdiyi misilsiz şücaətindən danışar.

Kamran Məmmədzadə uşaqlıqdan Vətənə, xalqına məhəbbət ruhunda böyüyüb. Gələcəyin layiqli vətəndaşı olmaq üçün yaxşı oxuyub, həm də xeyirxah insanlardan görüb-götürməklə müstəqil həyata qədəm qoyub. Hər qarşı torpağını əziz bildiyi yurduna yağı dadandığı üçün ordu sıralarda olmağını daha üstün bilib. Cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirib. Xidmət etdiyi hissədə böyük rəğbət qazanıb. Bir qayda olaraq işğalçı dığalara qarşı barışmaz mövqe ortaya qoyan Kamran onlardan qisas almaq məqsədilə öz həyatını hərbiyə bağlamağa qərar verib.

Kamran qəlbində Vətən eşqi, torpaq sevgisi düşməndən qisas almaq üçün məqam axtarıb. Məqsədə çatmaqdan ötrü hərbi sahədəki bilik və bacarığını artırıb. Təlimlərdə fəal olub, üzərində işləyib, gündən-günə peşəkarlığını yüksəldib. Nizam-intizami ilə seçilib, qüsursuz xidmətinə görə böyük komandirləri tərəfindən təltif edilib.

Canından artıq sevdiyi Vətən yolunda hər an ölümə hazır olan Kamran Məmmədzadə dığalarla 44 günlük haqq savaşımız başlayan günü döyüşə girib. Onların xeyli sayda əsgərini, döyüş texnikasını məhv etməklə ad qazanıb. Və tezliklə qələbə bizim olacağına tam inanıb. Hər döyüşə qalibiyyət əzmi ilə atılıb. Vətənini, bayrağını, xalqını düşünərək yağıya sarsıdıcı zərbələr endirib. Həmişə öndə gedən igid döyüşçü Füzulinin, Cəbrayılın işğaldan azad olunması uğrunda çox böyük hünər göstərib. Hər dəqiqəsi bir fədakarlıq, mərdlik olub. Ulu torpağın bağrina yeni zəfər bayrağı sancılıb. Beləcə Kamran sinəsini düşmən gülləsinə sipər etməklə 30 il əsir düşən Qarabağımız qarşı-qarış azadlığa qovuşub. Ölümün soyuq nəfəsini duyanda belə, onunla çiyin-çiyinə vuruşan Vətən qeyrətli oğlanları irəliyə səsləyib. Şəhidlik zirvəsinə ucalan anında da Kamranın qəlbindən keçən Vətənin yaşaması olub.

Kamran Məmmədzadə 24 yaşında adını Vətənin azadlığına yazmaqla bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilib. Məhz buna görə də ömür yolu doğma Azərbaycan üçün həmişə örnək olacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər