Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlir. Müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan - ABŞ münasibətlərinin təməlində dünya siyasətinin ən görkəmli simalarından olan Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi dayanır. Ümummilli Liderimiz 1994-cü il sentyabrın 26-da Nyu-Yorkdakı “Türk evi”ndə Amerikada yaşayan türk və azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə demişdir: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Biz bütün dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmağa çalışırıq. Bu sahədə ilk addımlar atılıb, müəyyən nəticələr əldə edilib… Ancaq qarşıda görüləsi işlərimiz hələ çoxdur, vəzifələrimiz böyükdür”.
Ümummilli Liderimizin Layiqli davamçısı cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir.
Prezident Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkələrimiz arasında daha güclü və daha yaxşı münasibətlər qurulur.
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bildirdi ki, biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Dövlət Başçısı bəyan etdi ki, Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
TRIPP layihəsinin regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacağını bildirən Prezidentimiz söylədi ki, biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.
Bu gün Prezident İlham Əliyevin liderliyi ilə öz milli maraqlarını rəhbər tutan Azərbaycan dövləti müstəqil siyasətini uğurla davam etdirən, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyən Azərbaycanla dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları arasında güclü, daha yaxşı münasibətlərin qurulması və tərəfdaşlıq onu deməyə əsas verir ki,regionda daha möhkəm sülh və əmin-amanlıq yaranır və Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir” fikirləri reallığa çevrilib.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı