Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız daxili resurslarla deyil, həm də qurduqları strateji tərəfdaşlıqlarla müəyyən olunur. Bu baxımdan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq ölkəmizin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsinə və qlobal proseslərdə daha fəal iştirakına geniş imkanlar yaradır. Dünyanın siyasi, iqtisadi və texnoloji baxımdan aparıcı dövlətlərindən biri ilə qurulan münasibətlər milli maraqlarımızın qorunmasına və uzunmüddətli inkişaf strategiyamızın həyata keçirilməsinə mühüm töhfə verir. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır Yeri gəlmişkən, Azərbaycan ilə ABŞ arasında iqtisadi münasibətlər ikitərəfli tərəfdaşlığın əsas sütunlarından biridir. Bu əməkdaşlıq tarixən enerji və ticarət sahələrində formalaşmış ortaq strateji maraqlara söykənir. Məlum olduğu kimi, ABŞ şirkətlərinin ölkənin neft-qaz sənayesinin inkişafında fəal iştirakı bu əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayıb. ABŞ həm “Əsrin müqavilə”sində, həm də Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycana dəstək göstərib.
ABŞ şirkətlərinin Azərbaycan üzrə enerji layihələrində, o cümlədən Azəri–Çıraq–Günəşli yataqları ilə bağlı təşəbbüslərdə iştirakını davam etdirməsi bu strateji tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Hazırkı ABŞ Prezidenti Donald Tramp hələ ilk prezidentliyi dövründə Cənub Qaz Dəhlizinə siyasi və diplomatik dəstək göstərərək bu layihənin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini açıq şəkildə vurğulamışdı.
Yanvarın 22-də Davosda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü xüsusi önəm kəsb edir. Donald Tramp Dünya İqtisadi Forumunda nadir ölkə rəhbərləri ilə görüş keçirib ki, bunlardan biri də məhz Azərbaycan lideri olub. Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin dərinləşdirilməsində rolunu qeyd ediblər.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının məsləhətçisi