Fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Serbiya tərəfdaşlığının davamlı xarakterini nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “biz yaxın gələcəkdə yenidən bir-birimizlə görüşəcəyik” fikri Azərbaycan–Serbiya münasibətlərinin mahiyyətini əks etdirən mühüm siyasi mesaj kimi diqqət çəkir. Bu ifadə ilk baxışdan diplomatik etik çərçivəsində səslənən adi bir cümlə təsiri bağışlasa da, əslində iki ölkə arasında formalaşmış əməkdaşlıq modelinin davamlı və strateji xarakter daşıdığını göstərən əhəmiyyətli bir yanaşmadır.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dayanıqlığı təkcə mövcud əməkdaşlıq formatları ilə deyil, həm də gələcəyə yönəlmiş siyasi iradə ilə ölçülür. Prezident İlham Əliyevin vurğuladığı bu fikir Azərbaycan və Serbiya arasında qurulmuş dialoqun epizodik və situativ deyil, uzunmüddətli perspektivə hesablanmış əlaqələr sisteminə söykəndiyini aydın şəkildə nümayiş etdirir.
Dövlət başçısının bu yanaşması eyni zamanda tərəflər arasında mövcud olan etimad mühitinin göstəricisi kimi də dəyərləndirilə bilər. Diplomatik praktikada gələcək görüşlərə bu cür açıq və əminliklə istinad edilməsi münasibətlərin sabit siyasi təməl üzərində qurulduğunu, qarşılıqlı anlaşma və əməkdaşlıq niyyətinin davamlı xarakter daşıdığını ifadə edir. Bu isə iki ölkə arasında formalaşmış tərəfdaşlığın institusional və strateji əsaslara malik olduğunu göstərən mühüm amildir.
Prezident İlham Əliyevin bəyanatında əksini tapan bu fikir Azərbaycan–Serbiya münasibətlərinin yalnız mövcud mərhələ ilə məhdudlaşmadığını, eyni zamanda gələcək əməkdaşlıq istiqamətlərinin də müəyyənləşdirildiyini ortaya qoyur. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji sahəsində qarşılıqlı fəaliyyət və digər istiqamətlər üzrə perspektivlərin mövcudluğu bu cümlənin arxasında duran real siyasi məntiqi daha da aydınlaşdırır.
Bütövlükdə, dövlət başçısının səsləndirdiyi bu mesaj Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri olan etibarlı tərəfdaşlıq və davamlı diplomatik əlaqələr prinsipinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bu yanaşma Azərbaycan və Serbiya arasında mövcud münasibətlərin sabitliyini, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini və gələcəyə yönəlmiş strateji dialoqun davam edəcəyini deməyə əsas verir.
Beləliklə, Prezident İlham Əliyevin “biz yaxın gələcəkdə yenidən bir-birimizlə görüşəcəyik” fikri yalnız diplomatik nəzakət ifadəsi deyil, eyni zamanda Azərbaycan–Serbiya münasibətlərinin inkişaf trayektoriyasını xarakterizə edən mühüm siyasi vurğu kimi dəyərləndirilə bilər.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi