Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçısı cənab İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiç ilə görüş keçirmiş, təkbətək və geniş tərkibdə danışıqlar aparılmış, daha sonra isə mətbuata birgə bəyanat verilmişdir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Serbiya arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter daşıyır, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik mövcuddur. Dövlət başçısı xüsusilə vurğulamışdır ki, Azərbaycan və Serbiya bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. İki ölkə arasında imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar gələcək əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Dövlət başçısı qeyd etmişdir ki, Serbiya ilə münasibətlər Azərbaycan üçün Avropa məkanında mühüm tərəfdaşlıq istiqamətlərindən biridir. Bəyanatda iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev Azərbaycan qazının Avropa bazarlarına nəqlinin genişləndirilməsi kontekstində Serbiya ilə enerji əməkdaşlığının əhəmiyyətini qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Serbiya ilə bu istiqamətdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sənaye sahəsində əməkdaşlığın inkişafı məsələləri də diqqət mərkəzində olmuşdur.
Dövlət başçısı çıxışında humanitar sahədə əməkdaşlığın əhəmiyyətini də qeyd etmişdir. Təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı mübadilələrin artırılması xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Cənab Prezident xalqlar arasında tarixi dostluq münasibətlərinin mövcud olduğunu və bunun gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulamışdır.
Fevralın 15-də baş tutan bu rəsmi səfər Azərbaycan–Serbiya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş qətiyyətli mövqeni bir daha nümayiş etdirmişdir. Bu səfər göstərdi ki, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və dost ölkələrlə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə davam edir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi