PDF Oxu

Siyasət

  • 1 146

“Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” FOTOLAR

image

Fevralın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” adlı tədbir keçirilib.

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Zəngilan RİH başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi İman Məmmədov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayon üzrə Təhsil sektorunun müdiri Kənan İmaməliyev, həmçinin ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri və təhsil sahəsində çalışan partiya üzvləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan dilinin keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Azərbaycan dilinin tarixi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin dilimizin qorunması və inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. O, dilin milli kimliyin daşıyıcısı olduğunu vurğulayaraq, Ümummilli Liderin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında müddəanın daxil edilməsinin tarixi əhəmiyyətini qeyd edib. Eyni zamanda qeyd edib ki, 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, latın qrafikalı əlifbaya keçid, dilin tətbiqi və inkişafı ilə bağlı fərman və sərəncamlar Heydər Əliyevin dil siyasətinin konkret nəticələridir.

Rayon təşkilatının sədri bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin dil siyasətini müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirir. Dövlət başçısı dəfələrlə çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini vurğulamış, dilimizin yad təsirlərdən qorunmasını milli məsələ kimi dəyərləndirmişdir. Cənab Prezidentin çıxışlarında Azərbaycan dilində səlis, zəngin və yüksək üslubda danışması da gənclər üçün əsl nümunədir. Bu, sübut edir ki, ana dilinə sevgi təkcə sözlə deyil, şəxsi nümunə ilə aşılanmalıdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli isə Azərbaycan dilinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək nüfuza malik olduğunu vurğulayıb. O, hər bir vətəndaşın borcunun Ulu Öndərin miras qoyduğu dəyərlərə sadiq qalmaq və ana dilini qoruyaraq gələcək nəsillərə ötürmək olduğunu bildirib.
Eyni zamanda o qeyd edib ki, Azərbaycan dili dövlət tərəfindən qorunur, inkişaf etdirilir və gələcək nəsillərə ötürülür. Lakin unutmayaq ki, dilin taleyi yalnız qanunlar və fərmanlarla deyil, xalqın gündəlik münasibəti ilə də müəyyən olunur. Hər birimiz danışığımızda, yazımızda, sosial mediada, ailədə və cəmiyyətdə ana dilimizə hörmətlə yanaşmalıyıq. Dilini qoruyan xalq heç vaxt tarix səhnəsindən silinmir. Bu gün güclü Azərbaycan dövləti varsa, bu, həm də dilinə sahib çıxan bir xalqın mövcudluğunun nəticəsidir.

Digər çıxış edənlər də dilimizin saflığının qorunması, dövlət qayğısı və gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Çıxışlardan sonra tədbir interaktiv müzakirə formatında davam etdirildi.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
--

Digər xəbərlər