Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biridir. Bu hadisə sadəcə bir şəhərin hücuma məruz qalması deyil, bəşəriyyətə qarşı törədilmiş böyük bir cinayətdir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Dağlıq Qarabağdakı Xocalı şəhərinə hücum etdilər. Bu hücum nəticəsində dinc əhaliyə qarşı amansız bir qırğın törədildi.Xocalı şəhəri strateji cəhətdən çox mühüm mövqedə yerləşirdi. Burada regionun yeganə hava limanı var idi. Faciədən əvvəl şəhər bir neçə ay idi ki, mühasirədə saxlanılırdı; elektrik enerjisi kəsilmiş, ərzaq və tibbi ləvazimat çatışmazlığı yaranmışdı.
Fevralın 25-i axşam saatlarından başlayaraq şəhər ağır artilleriya atəşinə tutuldu. Şəhər sakinləri canlarını qurtarmaq üçün meşələrə və dağlara üz tutsalar da, yollarda puskuya salınaraq xüsusi qəddarlıqla qətlə yetirildilər.Beynəlxalq hüquqa görə, bir qrupu milli, irqi və ya dini mənsubiyyətinə görə qəsdən və tamamilə məhv etmək soyqırımı (genosid) sayılır. Xocalıda insanlar məhz azərbaycanlı olduqları üçün öldürülmüşdülər. Bu səbəbdən dünya ölkələri və beynəlxalq təşkilatlar bu hadisəni soyqırımı aktı kimi tanımaqdadır.
Uzun illər boyu "Xocalıya ədalət!" deyə hayqırdıq. 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən Müharibəsi bizim tarixi ədaləti bərpa etdiyimiz an oldu. Müzəffər Azərbaycan Ordusu döyüş meydanında göstərdiyi rəşadətlə bütün şəhidlərimizin, o cümlədən Xocalıda amansızlıqla qətlə yetirilən körpələrin, qadınların və qocaların qisasını aldı. Bu gün Xocalı küçələrində Azərbaycan bayrağının dalğalanması, ruhların dinclik tapması deməkdir.
Lakin nə qədər zaman keçsə də, nə qədər zəfərlər qazansaq da, o gecənin soyuq kədəri və meşələrdə qalan fəryadlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Biz Xocalını həm hüznün, həm də milli dirçəlişin simvolu kimi qəlbimizdə gəzdiririk. Şəhərlərimiz bərpa olunduqca, o torpaqlara həyat qayıtdıqca, biz bir daha dünyaya sübut edirik: Azərbaycan xalqı məğlubedilməzdir və öz keçmişinə sahib çıxmağı bacarır.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədr müavini