Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Xocalı soyqırımı Azərbaycan xalqı üçün ən böyük faciələrdən biridir. Lakin bu faciə eyni zamanda xalqın birliyinin və iradəsinin sınağı olmuşdur.
1992-ci ilin fevral gecəsində 613 nəfər amansızcasına qətlə yetirildi. Onların arasında qadınlar, uşaqlar və ahıl insanlar var idi. 8 ailə tamamilə məhv edildi. Bu, təkcə hərbi cinayət deyil, insanlıq əleyhinə törədilmiş soyqırımı idi.
İllər ərzində Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasət həyata keçirdi. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir çox ölkələrdə tədbirlər, konfranslar, təqdimatlar təşkil olundu.
Prezident çıxışında vurğuladı ki, əgər Azərbaycan öz haqq səsini ucaltmasaydı, bəlkə də bu gün dünya Xocalı soyqırımı haqqında həqiqətləri bilməyəcəkdi.
Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu hadisələr ədalətin təmin olunması yolunda mühüm mərhələ oldu.
Xocalı Soyqırımı Memorialının məhz Xocalıda açılması ədalətin tam təntənəsi kimi qiymətləndirilir. Bu, tarixin öz yerinə qoyulması deməkdir.
Emin Rəhimov,
YAP M.Füzuli küçəsi, 69 üzrə (FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) partiya təşkilatının sədri, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktor müavini