PDF Oxu

Siyasət

  • 514

“Biz öz milli-mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq” - TƏHLİL

image

Dövlət başçısının Sərəncamı əsasında Cümə məscidində təmir-bərpa işləri həyata keçiriləcək

Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dövlət başçısı mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub, inanclı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli-mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.

XALQININ MİLLİ-MƏNƏVİ VƏ DİNİ DƏYƏRLƏRİNƏ BÖYÜK EHTİRAM

Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur.

REAL MƏNZƏRƏNİN İFADƏSİ

Azad olunmuş torpaqlarımızda gedən dinc quruculuq, yenidənqurma işləri, dini-mənəvi abidələrə yeni həyat bəxş olunması, vandalizmə məruz qalmış ziyarətgahlara, qəbirstanlıqlarımıza sahib çıxılması, soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı istiqamətində dövlət başçımız tərəfindən həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Çoxəsrlik tarixə malik olan abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərlə dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilib. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.

Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisidir. Əminliklə deyə bilərik ki, dini abidələrimizin təmir və bərpası Azərbaycanda bu sahədə dövlət siyasətinin real mənzərəsinin ifadəsidir.

Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir.

QƏDİM MƏDƏNİYYƏTİN TƏŞƏKKÜL TAPDIĞI QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

Bu gün işğaldan azad olunan ərazilərimizdə də dini abidələr təmir və bərpadan sonra istifadəyə verilir. Belə ki, Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub. Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər