PDF Oxu

Siyasət

  • 476

8 Mart – Azərbaycan qadınına ehtiram və minnətdarlıq - ŞƏRH

image

8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan xanımlarını dərin ehtiram və sonsuz hörmətlə təbrik edirik. Bu əlamətdar gün qadınların cəmiyyət həyatındakı əvəzsiz rolunun, onların qazandığı nailiyyətlərin, göstərdikləri fədakarlığın və bəşəri dəyərlərə verdikləri töhfələrin təntənəsidir. XIX əsrdə qadınların əmək, sosial və siyasi hüquqlar uğrunda apardıqları mübarizədən qaynaqlanan bu tarix 1910-cu ildə Clara Zetkinin təşəbbüsü ilə beynəlxalq səviyyədə qeyd olunmağa başlanmış, 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmi beynəlxalq gün kimi qəbul edilmişdir. Bu gün artıq qadın həmrəyliyinin, bərabərliyin, ədalətin və davamlı inkişafın rəmzinə çevrilmişdir.

Azərbaycan qadını tarix boyu müdrikliyi, iradəsi, vətənpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdir. Qədim dövlətçilik ənənələrimizdə qadına böyük ehtiram göstərilmiş, o, ailənin dayağı, nəslin davamçısı və cəmiyyətin mənəvi sütunu kimi qəbul olunmuşdur. XX əsrin əvvəllərində Azərbaycan qadınlarına seçmək və seçilmək hüququnun verilməsi ölkəmizin Şərqdə bu sahədə öncül mövqeyini təsdiq etmişdir. Bu gün isə Azərbaycan xanımları ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak edir, dövlətimizin inkişafına mühüm töhfələr verirlər.

Bu əlamətdar gündə ilk növbədə qəhrəman şəhid analarına sonsuz ehtiramımızı bildiririk. Vətən uğrunda canından keçmiş igid övladlar yetişdirən analarımız Azərbaycan qadınının ən ali mənəvi keyfiyyətlərini təcəssüm etdirirlər. Onların səbr və dözümü, qüruru və əyilməzliyi xalqımızın mənəvi gücünü daha da möhkəmləndirmişdir. Şəhid analarının qarşısında baş əyir, onların müqəddəs adını hər zaman uca tutduğumuzu bildirirəm.

Azərbaycan qadınının liderlik və humanizm nümunəsi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı sosial, humanitar və mədəni layihələr, milli-mənəvi irsimizin qorunması və dünyada təbliği istiqamətində görülən işlər Azərbaycan qadınının potensialını və liderlik qabiliyyətini parlaq şəkildə nümayiş etdirir. Onun fəaliyyəti xeyirxahlıq, mərhəmət və yüksək idarəçilik mədəniyyətinin vəhdətini əks etdirir.

Azərbaycan qadını həm də qəhrəmanlıq salnaməmizin ayrılmaz hissəsidir. Birinci Qarabağ müharibəsi illərində yüzlərlə qadın cəbhə bölgələrində tibb işçisi, könüllü, rabitəçi və digər sahələrdə xidmət göstərmiş, ağır və çətin şəraitdə Vətənə sədaqət nümayiş etdirmişdir. İkinci Qarabağ müharibəsində isə Azərbaycan xanımları həm ön cəbhədə hərbi qulluqçu kimi, həm də arxa cəbhədə humanitar dəstək, tibbi xidmət və informasiya sahəsində fədakarcasına çalışaraq Qələbəyə öz töhfələrini vermişlər. Onlar sübut etdilər ki, Azərbaycan qadını yalnız zərifliyin deyil, həm də gücün, qətiyyətin və vətən sevgisinin simvoludur.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının qadın üzvlərini də səmimi-qəlbdən təbrik edirik. Dövlətçilik prinsiplərinə sadiq qalan, ictimai-siyasi proseslərdə fəal iştirak edən xanımlarımız sosial layihələr, maarifləndirmə proqramları və xeyriyyə təşəbbüsləri ilə cəmiyyətimizin inkişafına dəyərli töhfələr verirlər. Onların təşəbbüskarlığı və məsuliyyətli fəaliyyəti ölkəmizin daha da güclənməsinə xidmət edir.

Həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) çalışan xanımların əməyi xüsusi qeyd olunmalıdır. Strateji əhəmiyyətli sahədə – su ehtiyatlarının qorunması və səmərəli idarə olunması istiqamətində fəaliyyət göstərən bu xanımlar öz peşəkarlıqları, məsuliyyətləri və əzmkarlıqları ilə ölkəmizin dayanıqlı inkişafına mühüm töhfə verirlər. Onların zəhməti ekoloji təhlükəsizliyin və gələcək nəsillərin rifahının təmin olunmasına xidmət edir.

Tariximiz Azərbaycan qadınının parlaq simaları ilə zəngindir. XII əsrin görkəmli şairəsi Məhsəti Gəncəvi ədəbiyyatımızın incilərini yaratmış, qadın yaradıcılığının gücünü nümayiş etdirmişdir. XIX əsrdə Xurşidbanu Natəvan Qarabağın mədəni həyatında mühüm rol oynamış, xeyriyyəçilik fəaliyyəti ilə yadda qalmışdır. Akademik Zərifə Əliyeva oftalmologiya elminin inkişafına verdiyi töhfələrlə Azərbaycan qadınının elmi potensialını dünyaya göstərmişdir. Opera sənətinin inkişafında müstəsna rol oynamış Şövkət Məmmədova isə milli mədəniyyət tariximizin parlaq simalarındandır. Bu ənənə bu gün də davam edir – minlərlə azərbaycanlı qadın alim, müəllim, həkim, mühəndis, hərbçi və sahibkar kimi ölkəmizin tərəqqisinə xidmət edir.

Dünya azərbaycanlı xanımlarını da xüsusi olaraq təbrik edirik. Xarici ölkələrdə yaşayan soydaş qadınlarımız milli kimliyimizi, dilimizi və mədəniyyətimizi qoruyur, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır və diaspor fəaliyyətində fəallıq göstərirlər. Onlar milli həmrəyliyimizin möhkəmlənməsində mühüm rol oynayırlar.

Əzimkar zəhməti, yüksək məsuliyyəti, vətənə və ailəyə sədaqəti ilə seçilən əsil Azərbaycan xanımları xüsusi hörmətə layiqdir. Onlar həm ailə ocağını qoruyur, həm də cəmiyyətin inkişafına töhfə verir, gələcək nəsillərin sağlam, savadlı və vətənpərvər ruhda yetişməsində əvəzsiz rol oynayırlar. Azərbaycan qadını zərifliklə gücün, mərhəmətlə qətiyyətin vəhdətidir.

Sonda bir daha bütün xanımları – şəhid analarını, Qarabağ müharibələrinin qəhrəman iştirakçılarını, Mehriban xanım Əliyeva başda olmaqla dövlət və ictimai həyatda fəal rol alan xanımları, Yeni Azərbaycan Partiyasının qadın üzvlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan xanımları və dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlı qadınları ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz sevgi, firavan həyat, yeni-yeni nailiyyətlər və daim yüksələn uğurlar arzulayıram.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA)

üzrə ərazi partiya təşkilatının sədr müavini.

Digər xəbərlər