PDF Oxu

Siyasət

  • 849

Heç bir qüvvə milli və siyasi iradəmizi sarsıda bilməz - ŞƏRH

image

Son günlər regionda baş verən hadisələr Cənubi Qafqazda təhlükəsizlik mühitini gərginləşdirən ciddi hadisə kimi qiymətləndirilməlidir. İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumu nəticəsində Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura zərbə endirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə zidd olmaqla yanaşı, regionda sülh və sabitliyə qarşı yönəlmiş təhlükəli addım kimi, terror aktı kimi dəyərləndirilir. Bu hadisə bütövlükdə region üçün ciddi təhlükə mənbəyi yaradır və dövlətlərarası münasibətlərdə qəbul olunmuş bütün normalara zidd davranış kimi qiymətləndirilməlidir.

Baş vermiş hadisəni qətiyyətlə pisləyir və bu hücuma görə məsuliyyətin tam şəkildə İran İslam Respublikasının üzərinə düşdüyünü bildirirəm. Naxçıvan ərazisində mülki obyektin, xüsusilə də mülki vətəndaşların istifadə etdiyi hava limanı kimi strateji və humanitar əhəmiyyətli obyektin, eləcə də orta ümumtəhsil müəssisəsinin hədəfə alınması müasir beynəlxalq münasibətlər sistemində qəbul edilməyən davranışdır. Bu cür addımlar təkcə bir dövlətə qarşı deyil, bütövlükdə beynəlxalq hüquq sisteminə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir.

Mülki infrastruktura qarşı dron hücumunun həyata keçirilməsi hərbi və siyasi baxımdan heç bir əsaslandırması olmayan, yalnız gərginliyi artırmağa xidmət edən təhlükəli addımdır. Belə hücumlar müharibə qanunlarına belə ziddir və beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozur. Mülki obyektlərin hədəf seçilməsi acizlik və qorxaqlıq əlaməti olmaqla yanaşı, həm də siyasi məsuliyyətsizliyin göstəricisidir.

Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalan dövlətdir. Ölkəmiz bütün qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı diqqət, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanıb, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul olunub.

Məhz bu səbəbdən İran tərəfindən həyata keçirilən bu cür təxribat və terror xarakterli addım Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurur. Çünki Azərbaycan heç vaxt öz ərazisindən başqa dövlətlərə qarşı təhlükə yaratmayıb və yaratmaq niyyətində də olmayıb. Azərbaycanın xarici siyasət kursu həmişə regionda əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına yönəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında regionda sabitliyin və təhlükəsizliyin qorunmasının bütün dövlətlərin maraqlarına uyğun olduğunu vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz heç bir dövlətə qarşı düşmənçilik siyasəti yürütmür və regionda qarşılıqlı əməkdaşlığın tərəfdarıdır.

Maraqlı və diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan İranın Ali Dini Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı vermişdi. Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gedərək ehtiramını bildirmiş, başsağlığı vermişdi. Bu addım Azərbaycanın beynəlxalq münasibətlərdə insani dəyərlərə və diplomatik etikaya nə qədər həssas yanaşdığını göstərən mühüm nümunədir.

Biz baş vermiş hadisəyə görə İran İslam Respublikasından dərhal rəsmi izahat tələb edirik. İran qısa müddət ərzində bu hadisəyə aydınlıq gətirməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görməli və səbəbkarlar cəzalandırılmalıdır. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görmək hüququna malikdir və belə hücumların cavabsız qalmayacağını açıq şəkildə bəyan edir.

Eyni zamanda Azərbaycan regionda sülh və sabitliyin tərəfdarı olaraq diplomatik yollarla problemlərin həllinə üstünlük verir. Lakin ölkəmizin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı hücum qətiyyətlə qarşısı alınacaq. Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı düşmənçilik siyasəti aparan qüvvələr sonda öz səhvlərindən peşman olublar. Azərbaycan qüdrətli dövlət olaraq güclü ordusu və milli həmrəyliyi ilə bu cür təxribatların qarşısını almağa qadirdir.

Bu hadisə bir daha göstərir ki, regionda davamlı sülhün təmin olunması üçün dövlətlər beynəlxalq hüquqa hörmət etməli, qarşılıqlı etimadı sarsıdan addımlardan çəkinməlidirlər. Azərbaycan dövləti isə hər zaman olduğu kimi bundan sonra da öz milli maraqlarını qətiyyətlə müdafiə edəcək, ölkəmizin təhlükəsizliyinə və suverenliyinə qarşı yönəlmiş hər hansı təhdidə layiqli cavab vermək əzmində olacaq.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər