06 mart 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Səfalı Paşayev müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə ictimai nəzarətin zəruriliyindən bəhs edib.
Natiq vurğulayıb ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından maksimum istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.
Sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğunu vurğulayan Səfalı Paşayev sağlam gənc nəslin formalaşması üçün maarifləndirmə işində “narkomaniyaya yox”! deyərək, sağlam həyat və mənəvi kamilliyə çağırıb.
Masallı rayon İcra Hakimiyyəti aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Azər Bəhmənov məruzə ilə çıxış edərək qeyd etdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlalarından biridir. Bizim üzərimizə düşən ən vacib vəzifələrdən biri bu bəlaya qurşanan gənclərimizi, vətəndaşlarımızı normal həyata qaytarmaqdır.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, Xaırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov, fəallardan Elbəyi Bağırov, Şəfa Xəlilova və başqaları çıxış edərək hazırda narkomaniya ilə mübarizə bütün dünyada qlobal çağırışlardan biri olduğunu və belə bir şəraitdə maarifləndirmə işlərinə böyük ehtiyac vardır deyə vurğuladılar.