8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda xüsusi ehtiram və yüksək dəyər hissi ilə qeyd olunur. Azərbaycan qadını tarix boyu ailənin dayağı, cəmiyyətin mənəvi sütunu, dövlət quruculuğunun fəal iştirakçısı olub. Bu gün qadınlarımız elm, təhsil, səhiyyə, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə mühüm uğurlara imza ataraq ölkəmizin inkişafına töhfə verirlər.
Azərbaycan qadınlarına dövlət səviyyəsində verilən yüksək dəyərin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. O, qadınların cəmiyyət həyatında rolunu yüksək qiymətləndirir, onların idarəetmədə və ictimai-siyasi proseslərdə fəal iştirakını daim dəstəkləyirdi.
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, “Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir, onların fəallığı olmadan heç bir uğurdan danışmaq mümkün deyil.” Onun rəhbərliyi dövründə qadınların dövlət strukturlarında təmsilçiliyi artdı, gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qadın hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ulu öndərin əsasını qoyduğu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasında qadın və ailə məsələlərinin sistemli şəkildə həlli məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu qurum qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərir.
Komitənin fəaliyyəti qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların sahibkarlıq və ictimai fəallığının artırılması baxımından əhəmiyyətlidir. Bu, dövlətin qadın siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.
Bu gün Prezident İlham Əliyev tərəfindən qadın siyasəti yeni mərhələdə uğurla davam etdirilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan qadını həm ailədə, həm də cəmiyyətdə böyük nüfuza malikdir və onların fəaliyyəti ölkənin inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınların dövlət idarəçiliyində təmsilçiliyi daha da artıb, birinci vitse-prezident postuna qadının təyin olunması ölkəmizdə qadınlara göstərilən yüksək etimadın bariz nümunəsidir. Qadınların sosial rifahının yaxşılaşdırılması, onların hüquqlarının qorunması və imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan qadını həm də milli-mənəvi dəyərlərimizin qoruyucusudur. O, ailə institutunun möhkəmlənməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır. Bu gün ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı dövlət siyasətinin ayrılmaz hissəsidir.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və yeni uğurlar arzulayırıq. Azərbaycan qadını güclüdür, müdrikdir və dövlətimizin inkişaf yolunda etibarlı dayaqdır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı