PDF Oxu

Siyasət

  • 1 271

Azərbaycan qadını ölkəmizin inkişafına əvəzsiz töhfələr verir

image

8 Mart Beynəlxalq Qadınlar Günü hər ilin bu tarixi dünyanın bir çox ölkəsində qadınlara məxsus gün kimi qeyd edilir.

Azərbaycanda qadınlar yalnız 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində diqqət və qayğı ilə əhatə olunmur, onlara yalnız ildə bir dəfə diqqət göstərilmir. Zərif cinsin nümayəndələri hər zaman bu diqqəti, qayğını öz üzərlərində hiss edir, onu yaşayırlar.

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Bu gün ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. 1914-cü ilədən Beynəlxalq Qadınlar Günü məhz martın 8-də keçirilir. Azərbaycanda İlk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Azərbaycan qadını tarixən ailənin dayağı, milli-mənəvi dəyərlərin qoruyucusu, eyni zamanda cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyət kimi səciyyələndirilib. Bütün bu xüsusiyyətləri Azərbaycan qadını tarixin bütün dövrlərində şərəflə, qüsursuz şəkildə həyata keçirib.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili Ümummilli Liderin Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. 1995-ci ildə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

Heydər Əliyev qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı.

Ümummilli Lider qadın şəxsiyyətinə böyük hörmətlə yanaşaraq deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.

Bu gün dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət yeni dünya düzənində yaranmış yeni reallıqlara, meyarlara uyğunlaşdırılaraq həyata keçirilməkdədir. Belə ki, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində həm qabaqcıl ölkələrdən birinə çevrilib, həm də bu istiqamətdə mühüm yeniliklərə imza atıb.

Cəmiyyətimizdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət başçımızın ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etmiş, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai-siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzmkar fəaliyyəti ilə хalqımızın böyük rəğbətini qazanmışdır. Uzun illər ərzində Mehriban xanım Əliyevanın göstərdiyi çoxşaxəli fəaliyyət qadınların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakına töhfə verib.Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Əminik ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir.

Saleh Məhərrəmov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər