Müasir dövrdə qlobal iqtisadi və siyasi proseslər yeni əməkdaşlıq platformalarının formalaşmasını zəruri edir. Bu baxımdan, beynəlxalq nəqliyyat və logistika dəhlizləri dövlətlər arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. Bu proseslərin mərkəzində yerləşən ölkələrdən biri də Azərbaycandır. Coğrafi mövqeyi, həyata keçirilən strateji layihələr və düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan artıq qlobal nəqliyyat şəbəkəsinin vacib halqalarından birinə çevrilib.
Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq nəqliyyat və enerji layihələrində artan rolundan bəhs edərək vurğuladı ki, Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır.
Prezident qeyd etdi ki, son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturu sahəsində mühüm investisiyalar həyata keçirib. Müasir avtomobil yolları, dəmir yolları, beynəlxalq limanlar və logistika mərkəzləri ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yeni dəmir yolu xətləri və regional logistika layihələri Azərbaycanın qlobal ticarət marşrutlarında mövqeyini gücləndirib.
Şərq-Qərb dəhlizi Asiya ilə Avropa arasında ən mühüm ticarət yollarından biridir. Bu marşrut vasitəsilə yüklər Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan ərazisindən keçərək Avropaya çatdırılır. Azərbaycanın bu dəhlizdə aktiv iştirakı regionun iqtisadi inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin sözlərinə görə, ölkəmiz bu marşrutun səmərəli işləməsi üçün bütün zəruri infrastruktur layihələrini həyata keçirib və tranzit imkanlarını genişləndirib.
Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bu dəhliz vasitəsilə Hindistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələri arasında yükdaşımalar həyata keçirilir. Azərbaycanın bu layihədə iştirakı ticarət əlaqələrinin sürətlənməsinə və yeni iqtisadi imkanların yaranmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti yalnız milli maraqlara deyil, həm də regional əməkdaşlığın güclənməsinə xidmət edir. Azərbaycan öz tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq regional sabitliyə və iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir.
Forum çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də geosiyasi dəyişikliklər fonunda yeni logistika marşrutlarının əhəmiyyəti idi. Bu baxımdan Azərbaycan sabit, etibarlı və təhlükəsiz tranzit ölkə kimi beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir.
Bu gün Azərbaycan yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkəmizin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri regionun iqtisadi xəritəsini dəyişdirir və yeni ticarət imkanları yaradır.
Nəticə etibarilə, Azərbaycan Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub arasında mühüm körpü rolunu oynayır. Bu strateji mövqe ölkənin beynəlxalq əhəmiyyətini daha da artırır və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında rolunu gücləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi layihələr sayəsində ölkəmiz bu gün Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə həqiqətən də əvəzolunmaz tərəfdaşa çevrilib.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı