PDF Oxu

Siyasət

  • 1 290

Bakı Forumu: Azərbaycanın qlobal rolu ŞƏRH

image

12 mart 2026-cı il tarixində paytaxtımızda işinə başlayan XIII Qlobal Bakı Forumu növbəti dəfə Azərbaycanın dünya siyasətindəki mühüm rolunu təsdiqlədi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş bu forumda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı ölkəmizin gələcək hədəflərini və beynəlxalq münasibətlərə baxışını aydın şəkildə ortaya qoydu.Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanın logistik və geosiyasi üstünlükləri ilə bağlı idi: “Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq”. Bu fikir sadəcə bir bəyanat deyil, illərdir aparılan məqsədyönlü siyasətin nəticəsidir. Forumun mövzusu olan "fikir ayrılıqlarının aradan qaldırılması" bu gün dünya üçün hər zamankından daha aktualdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan təkcə yolların deyil, həm də mədəniyyətlərin və siyasi qütblərin kəsişdiyi məkandır.İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri, Qarabağın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi Azərbaycanın sülh və inkişaf gündəliyinin bariz nümunəsidir.XIII Qlobal Bakı Forumu sadəcə növbəti bir beynəlxalq tədbir deyil, Azərbaycanın illərdir ilmik-ilmik toxuduğu strateji müstəqillik və milli maraqlar diplomatiyasının təntənəsidir. Forumun gedişatı və Prezident İlham Əliyevin irəli sürdüyü tezislər göstərir ki, rəsmi Bakı artıq dünya siyasətində sadəcə "iştirakçı" deyil, həm də "gündəm müəyyənləşdirən" tərəfdir.Əvvəllər Azərbaycan sadəcə Şərqlə Qərb arasında coğrafi bir körpü kimi xarakterizə olunurdusa, bu gün biz bu anlayışın daha üst qatına – qlobal idarəetmə qovşağına keçid edirik. "Əvəzolunmaz tərəfdaş" ifadəsi arxasında duran əsas məntiq budur: Azərbaycanın iştirakı olmadan Avrasiyanın enerji təhlükəsizliyini, nəqliyyat logistikasını və regionun hərbi-siyasi sabitliyini təmin etmək qeyri-mümkündür.Dünya qütbləşdikcə və beynəlxalq təşkilatlar öz effektivliyini itirdikcə, Bakı kimi neytral və balanslı platformalara ehtiyac artır. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi və indi də Qlobal Bakı Forumu vasitəsilə sərgilədiyi liderlik, ölkəmizi müxtəlif sivilizasiyaların bir-birini anlaya bildiyi nadir məkanlardan birinə çevirib. Prezidentin qeyd etdiyi "fikir ayrılıqlarının aradan qaldırılması" çağırışı, əslində, dünyanı qarşıdurmadan əməkdaşlığa dəvət edən bir sülh manifestidir.

Nicat Ələkbərov

YAP Şahbuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər