PDF Oxu

Siyasət

  • 1 063

Təhlükəsizlik və inkişaf modeli

image

“Qlobal Bakı Forumunun və bu tipli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi yalnız və yalnız yüksək qiymətləndirilə bilər. Qlobal Bakı Forumu artıq çoxdan nüfuzlu beynəlxalq tədbir olmaq çərçivəsini aşaraq, qlobal dialoq üçün mühüm siyasi platformaya çevrilib. Bu forum dünyanın müxtəlif ölkələrindən sabiq və hazırkı dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış ekspertləri və siyasətçiləri bir araya gətirir. Burada müzakirələr yalnız nəzəri müstəvidə deyil, real geosiyasi problemlərin həlli yolları üzərində qurulur”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, belə tədbirlərin məhz Azərbaycanda keçirilməsi tamamilə qanunauyğundur. Çünki Azərbaycan ötən dövr ərzində beynəlxalq dialoq, sivilizasiyalararası əməkdaşlıq və qlobal məsələlərin müzakirəsi üçün etibarlı platforma kimi özünü təsdiqləyib. Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılışında qeyd etdiyi kimi, bu Forum çox nüfuzlu beynəlxalq tədbirdir. Cənab Prezident çıxışında bir çox aktual mövzulara toxunaraq regoional və beynəlxalq məsələləri geniş şərh etdi.
Ölkəmiz daxili sabitliyi, praqmatik xarici siyasəti, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlığı ilə beynəlxalq aləmdə böyük etimad qazanıb. Bu səbəbdən Bakı artıq regional deyil, qlobal miqyaslı siyasi və intellektual dialoqun mühüm mərkəzlərindən biri kimi qəbul olunur. Bu forum illər ərzində çox yüksək səviyyəli iştirakçıları bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Burada dünyanın müxtəlif ölkələrinin sabiq prezidentləri və baş nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ekspertlər və ictimai xadimlər iştirak edir. Bu faktın özü artıq forumun beynəlxalq siyasi müzakirələr sistemində mühüm yer tutduğunu göstərir. “Lakin forumun əhəmiyyətini yalnız iştirakçıların statusu müəyyən etmir. Burada müzakirə olunan mövzular da son dərəcə aktualdır: beynəlxalq təhlükəsizlik, qlobal idarəetmənin transformasiyası, enerji təhlükəsizliyi, regional münaqişələrin həlli, nəqliyyat və iqtisadi inteqrasiya məsələləri. Azərbaycan bu müzakirələrə yalnız müşahidəçi kimi deyil, həm də praktiki təcrübə təqdim edən dövlət kimi qatılır. Məhz bu amil Qlobal Bakı Forumunu məzmun baxımından da aparıcı qlobal platformalarla eyni səviyyəyə çıxarır”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, Forumda müzakirə olunan “Keçid dövründə dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu son dərəcə aktualdır. Çünki müasir dünya həqiqətən də mürəkkəb keçid mərhələsindən keçir. Beynəlxalq münasibətlər sistemi transformasiya olunur, yeni güc mərkəzləri formalaşır, qlobal təhlükəsizlik mühiti dəyişir. Bir tərəfdən çoxqütblülük güclənir, digər tərəfdən isə müxtəlif regionlarda münaqişələr və geosiyasi gərginliklər artır.
Deputat qeyd edib ki, belə bir şəraitdə dövlətlər arasında fikir ayrılıqlarının azaldılması, dialoq və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi son dərəcə vacibdir. Qlobal Bakı Forumu məhz bu məqsədə xidmət edən mühüm platformadır. Burada müxtəlif siyasi mövqeləri təmsil edən liderlər və ekspertlər açıq dialoq aparmaq, qlobal problemlərin həlli üçün ortaq yanaşmalar axtarmaq imkanı əldə edirlər. Bu gün dünya həqiqətən də daha çoxqütblü xarakter alır. Yeni regional güc mərkəzləri meydana çıxır, orta güclər beynəlxalq münasibətlərdə daha fəal rol oynayır. Bu, qlobal güc balansının dəyişdiyini göstərir. Lakin, eyni zamanda beynəlxalq institutların effektivliyi və çoxtərəfli mexanizmlərin işləkliyi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bəzi hallarda beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşma müşahidə olunur. Bu isə çoxtərəfli əməkdaşlıq sisteminə olan etimadı azalda bilər. Azərbaycanın mövqeyi bu baxımdan çox aydındır: biz beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan ədalətli və inklüziv beynəlxalq münasibətlər sisteminin tərəfdarıyıq.
“Prezident İlham Əliyev forumda çıxış edərkən Ermənistanla sülhün yalnız tərəflərin vasitəçilərdən imtina etməsindən sonra mümkün olduğunu qeyd etdi. Bu fakt vasitəçilik institutunun mövcud modelinin effektivliyinə ciddi sual kimi qiymətləndirilməlidir. Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər ərzində həll olunmaması göstərdi ki, bəzi hallarda vasitəçilik real nəticələr vermək əvəzinə status-kvonun qorunmasına xidmət edə bilər”,-deyən millət vəkili əlavə edib ki, uzun illər fəaliyyət göstərmiş vasitəçilik mexanizmləri münaqişənin həllinə deyil, daha çox prosesin uzadılmasına gətirib çıxardı. Lakin tərəflər birbaşa dialoqa keçdikdən sonra sülh prosesində real irəliləyiş mümkün oldu. Bu, onu göstərir ki, vasitəçilik yalnız o zaman effektiv ola bilər ki, o, həqiqətən neytral, nəticəyönümlü və beynəlxalq hüququn prinsiplərinə əsaslansın. Əks halda, birbaşa danışıqlar bəzən daha səmərəli nəticələr verə bilir.
“Bütövlükdə, Azərbaycan mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq sabitlik, təhlükəsizlik və inkişaf modelini qoruyub saxlayan ölkədir. Ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Eyni zamanda Azərbaycan regionda mühüm enerji və nəqliyyat qovşağına çevrilib, Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Dövlətimizin praqmatik xarici siyasəti, sabit daxili mühit və multikultural dəyərlərə əsaslanan cəmiyyət modeli beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu amillər Azərbaycana regionda etibarlı tərəfdaş və sabitlik məkanı kimi baxılmasına səbəb olur. Bu mənada Forumda Azərbaycanın “təhlükəsizlik və sivilizasiyanın adası” kimi xarakterizə olunması ölkəmizin həyata keçirdiyi siyasətin və əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Digər xəbərlər