PDF Oxu

Siyasət

  • 541

Regional təhlükəsizlik - ŞƏRH

image

Bakı 12 mart 2026-cı il tarixində XIII Qlobal Foruma ev sahibliyi etdi. Budəfəki forumda da beynəlxalq siyasi mövzular müzakirə olunur. Bu platformada səslənən fikirlər bir daha göstərdi ki, müasir dünya yeni geosiyasi mərhələyə qədəm qoyur. Son illərdə geosiyasi gərginliklər, regional münaqişələr və rəqabətin daha da dərinləşdiyi bir vaxtda fikir ayrılıqları gərginliyi bir qədər də artırır. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edərək qlobal təhlükəsizlik, enerji sabitliyi, regional sülh və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar verdi. Dövlət başçımız çıxışında müasir beynəlxalq sistemin ciddi transformasiya mərhələsindən keçdiyini də vurğuladı.

Bu kontekstdə cənab Prezident qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində parçalanma və qarşıdurmaların artdığı bir vaxtda dialoq və əməkdaşlıq platformalarının rolu daha da yüksəlir. Qlobal Bakı Forumu məhz belə bir platforma kimi müxtəlif ölkələrin siyasi liderlərini və ekspertlərini bir araya gətirərək fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət edir. Bu fakt Azərbaycanın həm regional aktor, həm də qlobal diplomatik platforma rolunu gücləndirdiyini göstərir. Prezident cənab İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, hazırkı beynəlxalq şəraitdə hər bir dövlət üçün təhlükəsizlik və sabitlik əsas prioritet olmalıdır. Belə ki, qlobal təhlükəsizlik sistemində balansın pozulması həm regionlarda münaqişələri artırır, həm də iqtisadi sabitliyi təhlükə altına salır. Bu səbəbdən dövlətlər qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət yürütməlidirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi enerji bazarındakı qeyri-sabit vəziyyəti də diqqətdə saxlayır. Dövlət başçımız da bildirdi ki, neft və qaz qiymətlərində kəskin artım yalnız istehlakçılar deyil, istehsalçılar üçün də problemlər yaradır və qlobal iqtisadi sabitliyi sarsıdır. Prezident cənab İlham Əliyev çıxışında Cənubi Qafqazda sülh prosesinə də toxundu. O bildirdi ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlıdır və belə bir razılaşma regionda yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan verə bilər. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, sülh əldə olunarsa, regionda yeni nəqliyyat marşrutları formalaşa və Ermənistan da ilk dəfə tranzit ölkə statusu qazana bilər. Bu, Cənubi Qafqazda postmünaqişə dövrünün əsas strateji istiqamətlərindən biridir.

Ölkə nəqliyyat və logistika layihələri vasitəsilə Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən mühüm tranzit mərkəzinə çevrilmişdir. Bu baxımdan Azərbaycan həm enerji, həm də nəqliyyat təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi qəbul olunur. Regionda təhlükəsizlik Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olmuş və bu istiqamətdə ardıcıl addımlar atılmışdır. Güclü ordu quruculuğu, balanslaşdırılmış xarici siyasət, beynəlxalq əməkdaşlıq və strateji enerji layihələri sayəsində Azərbaycan həm öz milli təhlükəsizliyini möhkəmləndirmiş, həm də Cənubi Qafqazda sabitliyin təmin olunmasına mühüm töhfə vermişdir.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər