PDF Oxu

Siyasət

  • 565

Təhlükəsizlik və regional əməkdaşlıq ŞƏRH

image

Bakıda təşkil edilən XIII Qlobal Bakı Forumu bir daha sübut etdi ki, müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və sülh məsələləri yenidən əsas gündəm mövzularına çevrilib. Forum çərçivəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, qlobal miqyasda baş verən hadisələr fonunda ölkələrin prioritetləri sırasında təhlükəsizlik və sabitliyin qorunması xüsusi yer tutur. Onun sözlərinə görə, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıqdan danışmaq mümkün deyil. Prezident İlham Əliyev çıxışında hazırkı dövrdə geosiyasi gərginliyin artması, regional münaqişələrin davam etməsi və beynəlxalq hüququn bəzi hallarda pozulması dünya sabitliyi üçün ciddi təhdidlər yaradır. Bu səbəbdən dövlətlərin təhlükəsizlik siyasəti daha da aktuallaşır və bu sahədə məsuliyyətli yanaşma mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı çıxışında Azərbaycanın son illərdə qazandığı mühüm nailiyyətlərə də diqqət yetirdi. Bildirildi ki, uzun müddət ölkənin əsas təhlükəsizlik problemi Ermənistanın işğalçılıq siyasəti olmuşdur və bu vəziyyət regionda sabitliyə ciddi maneə törədirdi. Azərbaycan 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu proses beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli bir addım idi və ölkənin atdığı addımlar BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun idi. Əldə olunan uğur yalnız hərbi qələbə ilə yekunlaşmadı. Müharibədən sonra Azərbaycan regionda sülhün və əməkdaşlığın təşviqi üçün təşəbbüslərlə çıxış edərək yeni mərhələnin başlanğıcını qoydu. Çıxış zamanı Ermənistanla sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər də qeyd olundu. Bildirildi ki, sazişin paraflanmasından sonra bölgədə sabitlik meyilləri güclənib və sərhəd ərazilərində ciddi insidentlərin baş verməməsi yeni reallığın formalaşdığını göstərir. Azərbaycanın sülh təşəbbüsləri yalnız sözlərlə məhdudlaşmır. Artıq iqtisadi və humanitar sahələrdə konkret addımlar atılıb. Ermənistan üçün əhəmiyyətli olan enerji resurslarının təminatı və tranzit imkanlarının yaradılması qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bu isə Azərbaycanın regionda sabitliyin gücləndirilməsinə real töhfə verdiyini göstərir.

Forumda Azərbaycanın enerji siyasətinin beynəlxalq əhəmiyyəti də ön plana çəkildi. Prezident qeyd etdi ki, enerji təhlükəsizliyi artıq sadəcə iqtisadi məsələ deyil, həm də dövlətlərin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan uzun illərdir enerji bazarında etibarlı tərəfdaş kimi tanınır və həyata keçirdiyi layihələr vasitəsilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu gün Azərbaycan qazı bir sıra Avropa və region ölkələrinin enerji təminatında mühüm rol oynayır. Ölkəmizin enerji layihələri yalnız iqtisadi qazanc məqsədi daşımır, həm də beynəlxalq enerji bazarında sabitliyin qorunmasına xidmət edir. Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika sahəsində qazandığı mövqeyə də toxunuldu. Qeyd edildi ki, ölkə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşərək mühüm tranzit mərkəzinə çevrilib. Son illərdə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın beynəlxalq yük daşımalarındakı rolunu daha da artırıb. Dəmir yolları, avtomobil yolları və logistika mərkəzlərinin inkişafı regionda yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Ermənistanla sülh prosesində əldə olunan irəliləyiş yeni nəqliyyat marşrutlarının açılması üçün də perspektivlər yaradır. Bu layihələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya xətləridir.

XIII Qlobal Bakı Forumu fərqli siyasi baxışların dialoq yolu ilə yaxınlaşdırılması üçün mühüm platforma missiyasını yerinə yetirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü siyasi iradə və beynəlxalq hüquqa sadiqlik sülhün təmin olunması üçün ən real yoldur.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Digər xəbərlər