Azərbaycan tarixinin şərəfli səhifəsi olan Aprel döyüşlərinin 10 iliyi münasibətilə Astara Pedaqoji Kollecində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edən kollecin kitabxana müdiri Nuranə Mirzəyeva, tarix müəllimi Mətanət Ağazadə bildiriblər ki, Aprel döyüşləri İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin başlanğıcı oldu. Erməni dığalarına qarşı inamla döyüşə atılan qeyrətli oğullarımız göstərdikləri hünərlə dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib. Dörd ildən sonra xalqımız 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edərək şanlı zəfər çalınıb.
Natiqlər daha sonra deyiblər:- Azərbaycan tarixində öz cəsarəti, qəhrəmanlığı və Vətənə sarsılmaz bağlılığı ilə yadda qalan insanlar var. Bu şəxslərin hər biri millətin ruhunda iz buraxır, gələcək nəsillərə örnək olur. Onlardan biri də elə Aprel döyüşlərinin əfsanəvi qəhrəmanı Pəncəli Teymurovdur. Bu Vətən sevdalısı göstərdiyi igidliklə xalqın yaddaşına əbədi həkk olunub. Prezident İlham Əliyevin Sərəncamı əsasında gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Aprel döyüşlərinə həsr olunmuş video-çarxın nümayiş ilə tədbir başa çatıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü