PDF Oxu

Siyasət

  • 1 273

"Bakı və Ankara strateji əməkdaşlığı gücləndirir" - POLİTOLOQ DANIŞDI

image

"Türkiyə ilə Azərbaycan arasında münasibətlər Şuşa Bəyannaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd iki ölkə arasında siyasi, hərbi, iqtisadi və digər sahələrdə ən yüksək səviyyəli əməkdaşlığı təmin edir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.Turan Rzayev sözlərinə belə davam edib: "Belə bir şəraitdə Türkiyə və Azərbaycan arasında müxtəlif platformalarda mütəmadi görüşlərin keçirilməsi, telefon danışıqlarının aparılması və fikir mübadiləsinin baş tutması tamamilə təbiidir. Xüsusilə hazırkı mərhələdə regionda mövcud olan İran-ABŞ gərginliyi fonunda bu təmaslar daha da aktuallaşır.Məlum olduğu kimi, regionda baş verən bu gərginlik dolayısı ilə həm Azərbaycana, həm də Türkiyəyə təsir edir. Bəzi hallarda hər iki ölkənin dolayı şəkildə münaqişəyə cəlb olunması cəhdləri müşahidə olunsa da, həm Bakı, həm də Ankara təmkinli və praqmatik mövqe nümayiş etdirir.Bu baxımdan qarşılıqlı səfərlər, yüksək səviyyəli danışıqlar və ortaq yol xəritələrinin müəyyən edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər təkcə mövcud risklərin qiymətləndirilməsi deyil, həm də gələcək addımların planlaşdırılması baxımından vacibdir.Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ermənistanla sülh danışıqları prosesi də paralel şəkildə davam edir. Bununla yanaşı, Türkiyə-Ermənistan normallaşma prosesi də region üçün mühüm istiqamətlərdən biridir.Bundan əlavə, regional kommunikasiyaların açılması, enerji layihələrinin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması kimi məsələlər də tərəflərin gündəliyində əsas yer tutur.Bəzi provokativ cəhdlərə baxmayaraq, Azərbaycan-Türkiyə münasibətləri sabit və davamlı şəkildə inkişaf edir. Ayrı-ayrı maraq qruplarının bu əlaqələri zəiflətmək istəklərinə baxmayaraq, hər iki dövlətin uzaqgörən və səbirli siyasəti nəticəsində bu münasibətlər daha da möhkəmlənir.Eyni zamanda, türk dünyası çərçivəsində əlaqələrin inkişaf etdirilməsi və daha yüksək səviyyəyə çatdırılması da prioritet istiqamətlərdən biridir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi gələcək üçün mühüm strateji əhəmiyyət daşıyır.Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri regional sabitliyin qorunmasında, iqtisadi inkişafın təmin edilməsində və ümumi təhlükəsizlik mühitinin gücləndirilməsində əsas amillərdən biri kimi çıxış edir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər