Aprel şəhidi Cəfərov Mirsalam Təvəkkül oğlunun vəfatının 10-cu ildönümü münasibətilə anım mərasimi onun doğulub boya-başa çatdığı Tovuz rayonunun Bayramlı kəndində keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının aparatının əməkdaşları, idarə və müəssisə kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Mirsalam Cəfərovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub. İştirakçılar şəhidin məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov bildirib ki, Aprel zəfərinin 10-cu ildönümündə həmin qələbənin əldə olunmasında mühüm rol oynayan igidlərimizdən biri – Mirsalam Cəfərovun əziz xatirəsi yad edilir. Qeyd olunub ki, Mirsalam Cəfərov göstərdiyi şücaətlə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazıb. Onun kimi igidlərin rəşadəti nəticəsində Aprel döyüşləri tariximizin şanlı səhifəsinə çevrilib.
Bildirilib ki, həmin döyüşlərədək Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi mütəmadi olaraq atəşə tuturdu. Aprel döyüşləri zamanı minlərlə hektar torpaq işğaldan azad edilib və bu gün həmin ərazilərdə Azərbaycan bayrağı qürurla dalğalanır.
Şəhidin anası Qızxanım Cəfərova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda şəhidin evində ehsan süfrəsi açılıb.