PDF Oxu

Siyasət

  • 1 095

Xalqın yaddaşında əbədi yaşayan alim - ŞƏRH

image

Yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır. Azərbaycan səhiyyəsinin inkişafına ömrünü həsr etmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva xalqımızın yaddaşında dərin iz qoymuş nadir şəxsiyyətlərdəndir. Onun anım günü təkcə böyük bir alimin xatirəsinin yad edilməsi deyil, həm də Azərbaycan tibb elminə bəxş etdiyi misilsiz xidmətlərin bir daha ehtiramla xatırlanmasıdır. Zərifə xanım bütün həyatını insanların sağlamlığına, xüsusilə də göz xəstəliklərinin araşdırılmasına və müalicəsinə həsr etmişdir.

Akademik Zərifə Əliyeva traxoma ilə mübarizə sahəsində mühüm elmi nailiyyətlər əldə etmiş, bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısının alınmasında böyük rol oynamışdır. Bununla yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində apardığı tədqiqatlar oftalmologiya elminə dəyərli töhfələr vermişdir. Onun elmi fəaliyyəti yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmamış, oftalmologiyanın müxtəlif sahələrini əhatə etmişdir.

Onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Zərifə xanım burada həm elmi-pedaqoji fəaliyyət göstərmiş, həm də milli kadr hazırlığı prosesində fəal iştirak edərək gənc həkimlərin yetişməsinə böyük töhfələr vermişdir. Qeyd etmək lazımdır ki, Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin elmi təcrübəsini öyrətmiş, onlara diqqət və qayğıkeşliklə yanaşmışdır. Ümumiyyətlə, Zərifə Əliyeva hər zaman ətrafına gənc bacarıqlı və savadlı həkimləri toplamaqla elmi-tədqiqat işlərini uğurla təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyev akademik Zərifə Əliyevanı Azərbaycan elminin və səhiyyəsinin parlaq simalarından biri kimi yüksək qiymətləndirirdi. O, Zərifə xanımın zəngin elmi irsini xalqımıza bəxş olunmuş böyük mənəvi sərvət adlandırırdı. Bu dəyərli fikirlər onun həm alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi böyüklüyünü aydın şəkildə əks etdirir.Ümummilli Lider Heydər Əliyev Zərifə xanım haqqında deyirdi: “Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətlər göstərmiş, öz zəngin elmi irsi ilə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.” Bu fikir onun elmə və xalqa xidmət yolunun nə qədər böyük dəyər daşıdığını aydın şəkildə ifadə edir.

Zərifə xanım Əliyevanın zəngin elmi irsi, yetişdirdiyi kadrlar və tibb sahəsində qazandığı nailiyyətlər bu gün də Azərbaycan səhiyyəsinin inkişafına xidmət edir. Onun qoyduğu elmi və mənəvi irs gələcək nəsillər üçün dəyərli bir xəzinədir.

Bu əlamətdar anım günündə biz bir daha dərk edirik ki, Zərifə xanım Əliyevanın həyatı yalnız bir alim ömrü deyil, bütövlükdə Azərbaycan səhiyyəsinə həsr olunmuş böyük bir missiyadır. Onun adı, əməlləri və xatirəsi daim yaşayacaq, Azərbaycan tibb elminin inkişafında yol göstərən işıq olaraq qalacaqdır.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər