Astara rayon Heydər Əliyev Mərkəzində YAP Astara rayon təşkilatının və mərkəzin birgə təşkilatçılığı sayəsində baş tutan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar “Tarixi abidələr sərvətimizdir” mövzusunda sərgi və tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin, təşkilatçı müəssisələrinin əməkdaşları, şəhər 5 saylı tam orta, X. Şəkərov adına Tüləküvan, Y. Ağayev adına Artupa, E. Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxışı zamanı mərkəzin direktoru Kübra Səmədova deyib:- Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlardan birini məhz tarixi abidələrimiz təşkil edir desək yanılmarıq. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən sayılır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatıb.
Mövzu ilə bağlı digər çıxışlarda dinlənilib, sonra video-çarx nümayiş olunub, həmçinin tədbir iştirakçıları Mərkəzin “Elektron kitabxanası”nın kitablarından ibarət sərgiyə baxış keçiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü