Prezident İlham Əliyev: “Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var”
Azərbaycan Serbiya münasibətləri tarixi sınaqlardan çıxaraq tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bunun bariz nümunəsidir ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə yüksəlmişdir. Nümunə sayıla biləcək bu uğurlu əməkdaşlıq modelində liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır. Dövlət başçıları arasında formalaşmış səmimi dostluq əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin reallaşmasına əlverişli zəmin yaradaraq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi əlaqələrın davamlı xarakter aldığının təzahürüdür. Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Serbiya arasında formalaşmış münasibətlər son dövrlər yeni məzmun və daha geniş istiqamətlər üzrə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunan səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərində aparılan müzakirələr, imzalanan sənədlər və Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında səsləndirilən mövqelər iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərdi. Ölkələrarasında qarşıdakı illər üçün konkret və məqsədyönlü fəaliyyət planları mövcuddur. Bu planlar siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, energetika sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsini əhatə edir.
Gələcək planların mühüm istiqamətlərindən biri birgə sərmayə layihələrinin həyata keçirilməsidir. Qarşılıqlı investisiyalar həm iqtisadi əlaqələri gücləndirir, həm də tərəfdaşlığı praktik müstəviyə keçirir. Azərbaycan regionda böyük iqtisadi potensiala malik ölkə kimi enerji, nəqliyyat və infrastruktur layihələrində geniş təcrübəyə sahibdir. Serbiya isə Balkan regionunda mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Bu iki amilin birləşməsi yeni iqtisadi sinerji yarada bilər. Birgə investisiya layihələri sənaye, kənd təsərrüfatı, logistika və texnologiya sahələrini də əhatə edə bilər. Bu isə ticarət dövriyyəsinin artmasına və iqtisadi münasibətlərin şaxələndirilməsinə gətirib çıxaracaq.
BELQRAD-BAKI MARŞRUTU ÜZRƏ BİRBAŞA UÇUŞLAR HƏYATA KEÇİRİLƏCƏK
Danışıqlar zamanı Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər. Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf etdirmək əzmini bir daha vurğulayıb.
Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib. Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.
Telefon danışığı zamanı Serbiyanın “Airserbia” şirkətinin mayın 3-nə planlaşdırılan Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşların həyata keçiriləcəyindən məmnunluq bildirilib, bunun xalqlarımızın yaxınlaşdırılması və iqtisadiyyatlarımızın, o cümlədən turizm potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.
Dövlət başçıları Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, regionun təhlükəsizliyi və inkişafı üçün əsas şərtlərdən biri kimi sülhün və sabitliyin bərpasının vacibliyini bir daha qeyd ediblər.
“BU LAYİHƏLƏRİN REALLAŞMASINDA SİYASİ İRADƏ VƏ QARŞILIQLI ETİMAD HƏLLEDİCİ ROL OYNAYIR”
Vurğulamaq yerinə düşər ki, energetika sahəsi Azərbaycan–Serbiya əməkdaşlığının aparıcı istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Serbiyaya təbii qaz ixracına başlamış və tərəflər ixrac həcminin artırılması barədə razılıq əldə etmişlər. Eyni zamanda, birgə elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr bu sahədə əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Ölkədə mövcud olan əlverişli investisiya mühiti xarici sərmayələrin cəlb edilməsinə geniş imkanlar yaradır. Aparılan islahatlar nəticəsində Serbiya regional miqyasda etibarlı tərəfdaş kimi çıxış edir və Azərbaycan bu ölkəyə investisiya qoymağa hazır olan dövlətlər sırasındadır.
Enerji istehsal güclərinin yaradılması və mövcud stansiyaların yenidən qurulması hər bir ölkənin enerji təhlükəsizliyinin əsas şərtlərindəndir. Xüsusilə təbii resursları məhdud olan dövlətlər üçün daxili enerji potensialının formalaşdırılması strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev cıxışlarının birində bildirdiyi kumi, bu layihələrin reallaşmasında siyasi iradə və qarşılıqlı etimad həlledici rol oynayır.
Bu gün Azərbaycan enerji sahəsində böyük ixrac potensialına malikdir. Ölkəmiz bərpaolunan enerji layihələrinin icrasını sürətləndirir və yaxın illərdə əlavə enerji güclərinin əldə olunması planlaşdırılır. Bu imkanlar həm Serbiya ilə əməkdaşlıq üçün yeni perspektivlər açır, həm də Avropa məkanına enerji ixracının genişləndirilməsinə şərait yaradır. Azərbaycanın həyata keçirdiyi balanslı və uzaqgörən enerji siyasəti onu beynəlxalq enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirib.
Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlər qurulduğu gündən etibarən tərəflər qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanmışdır. Bu prinsipial yanaşma iki ölkənin beynəlxalq hüquqa əsaslanan mövqelərinin uyğunluğunu ortaya qoyur. Azərbaycan öz növbəsində Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşmış, Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqedən çıxış etmişdir. Bu qarşılıqlı siyasi dəstək münasibətlərin təməl sütunlarından biridir.
Prezident İlham Əliyevin cıxışlarınin birində qeyd etdiyi kimi, “Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var”. Bu fikir iki ölkə rəhbərləri arasında formalaşmış şəxsi etimad amilinin də önəmini göstərir. Müasir beynəlxalq münasibətlər sistemində liderlərarası münasibətlər dövlətlərarası əlaqələrin dinamikasına birbaşa təsir göstərir. Azərbaycan və Serbiya liderləri arasında qarşılıqlı anlayış və səmimiyyətin mövcudluğu əməkdaşlıq istiqamətlərinin daha operativ şəkildə razılaşdırılmasına şərait yaradır.
Zümrüd BAYRAMOVA