Lənkəran Olimpiya İdman Kompleksində müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, Türk xalqların böyük oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatların komandaları arasında “Qızıl Top” adlı III ənənəvi futzal turnirinə start verilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin təşkilatçılığı altında baş tutan turnirin açılış oyununda Lənkəran Şəhər Rayon Polis Şöbəsinin komandası Lənkəran Dövlət Universitetinin komandası ilə qarşı-qarşıya gəliblər. Gərgin, maraqlı mübarizə şəraitində keçən görüşdə Lənkəran Dövlət Universitetinin komandası rəqibindən üstün olub. Qaliblər meydanı 4:1 hesablı qələbə ilə tərk ediblər.
Onu da bildirək ki, turnirin təşkilində əsas məqsəd idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşların idmana marağının artırılması, həmçinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü