İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar iştirakçılara 2750 manat birdəfəlik maddi yardım ödəniləcək
9 may - alman faşizmi üzərində qələbədən 81 il ötür. Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti danılmazdır. Müharibə başlanandan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib, 1941-1945-ci illərdə respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə yola salınmışdır. Göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci kimi milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək, qəhrəman övladlarımız Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942–1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.
"XALQIMIZIN QIZIL FONDU"
Onların qəhrəmanlığı, fədakarlığı heç zaman unudulmur. Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəsində od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, veteranlara ikinci həyatı Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını "xalqımızın qızıl fondu" adlandırırdı. Belə ki, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.
SƏRƏNCAM ÜMUMİLİKDƏ 2 MİNƏ YAXIN ŞƏXSƏ ŞAMİL OLUNACAQ
9 May faşizm üzərində qələbədən 81 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən İkinci Dünya müharibəsi iştirakçılarına və sənəddə nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardım ödəniləcək. Sərəncam ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacaq. Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək. Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti təzaürüdür.
Zümrüd BAYRAMOVA