Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının qərargahında Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycandan olan bir qrup gənclərlə görüş keçirilib. Tədbirdə təşkilatın ali təhsil müəssisələrində fəaliyyət göstərən özəklərinin bir qrup nümayəndəsi iştirak edib. Müzakirələr zamanı bir sıra aktual məsələlərə toxunulub, gənclərin sosial vəziyyəti, məşğulluq imkanları və reinteqrasiya prosesində qarşılaşdıqları çətinliklər diqqət mərkəzində olub.
Tədbir çərçivəsində 1915-ci il hadisələri ilə bağlı qərəzli yanaşmalar, eləcə də 2020–2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində atdığı addımlara dair həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Mamdaniyə etiraz bəyanatı qəbul edilib.
Bununla yanaşı, Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması halları kəskin şəkildə pislənilib və bu kimi addımların regionda sülh prosesinə ciddi zərbə vurduğu qeyd olunub.
Dəyirmi masada həmçinin Qarabağ və Şərqi Zəngəzurda daimi məskunlaşmış keçmiş məcburi köçkün gənclərin qarşılaşdıqları problemlər geniş müzakirə edilib. Xüsusilə onların məskunlaşması, məşğulluğunun təmin olunması və sosial adaptasiyası ilə bağlı məsələlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə daha sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
Bu istiqamətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilər üzrə Xüsusi Nümayəndəlikləri, Gənclər və İdman Nazirliyi və digər qurumlarla müzakirələrin aparılması, konkret təkliflərin hazırlanaraq təqdim edilməsi barədə qərar qəbul olunub.
Tədbirdə gənc diplomatlar qrumunun 5 nəfər nümayəndəsi də əməkdaşlıq əlaqələrini müzakirə etmək üçün müzakirələrdə iştirak edib.