“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-ci ildönümü münasibətilə “Zərif irsin işığında” adlı tədbir keçirilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda baş tutuan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov, Yeni Azərbaycan Partiyası Veteranlar Şuasının üzvü Misir Mərdanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Elnur Allahverdiyev, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, 1 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktorunun nüavini Mina Adıgözəlova, Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Qalib Məmmədov, Yasamal rayonunda yerləşən poliklinikaların baş həkimləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinın əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, institutun əməkdaş və tələbələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin məzarlarını ziyarət edərək abidələri önünə əklil və gül dəstələri qoyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən muzeyə baxış keçirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, “M.Həsənov küç.35” ünvanı üzrə (ADHTİ) ərazi partiya təşkilatının sədr müavini Günel Əfəndiyeva, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının dosenti Nüşabə Hacıyeva akademik görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Zərifə xanımın zəngin və mənalı həyat yolu, elmə və insanlara həsr etdiyi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Məhz Zərifə xanım Əliyevanın yorulmaz zəhməti və yüksək peşəkarlığı nəticəsində öz dövrü üçün son dərəcə aktual olan bir sıra mürəkkəb tibbi problemlər öz həllini tapmışdır. Xüsusilə vurğulanmışdır ki, akademikin oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya tibb elmi üçün böyük əhəmiyyət kəsb etmişdir. Zərifə xanım öz şəxsiyyətində Azərbaycan qadınına xas olan bütün ali mənəvi keyfiyyətləri – xeyirxahlığı, mərhəməti, sadəliyi, zəhmətsevərliyi və yüksək intellekti birləşdirən nadir şəxsiyyət olmuşdur. Onun həyat fəlsəfəsinin mərkəzində insan amili dayanmış, hər zaman insanların sağlamlığı və rifahı prioritet olmuşdur. Bu baxımdan Zərifə xanım Əliyeva həm alim, həm də humanist insan kimi cəmiyyətə örnək olmuşdur. Eyni zamanda vurğulanmışdır ki, Zərifə xanım Əliyevanın taleyinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı olmaq kimi böyük və şərəfli bir missiya yazılmışdır. Bildirilmişdir ki, o, bütün fəaliyyətində Ulu Öndərə mənəvi dayaq olmuş, onun çətin və məsuliyyətli dövlətçilik yolunda daim yanında yer almışdır. Zərifə xanım həm də müasir Azərbaycanın memarı, qalib dövlətin rəhbəri, torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Qələbə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin anası kimi tarixdə xüsusi yer tutur. Belə bir ailənin təməlində duran yüksək mənəvi dəyərlər bu gün də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində öz əksini tapır.
Çıxışlardan sonra Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.