Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Qəbələdə keçirilən görüşlərdə bir daha bu səfərin siyasi, iqtisadi və strateji əhəmiyyəti dövlət başçıları tərəfindən vurğulandı. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd ildə yeddi dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq platformalarda baş tutan təmaslar iki ölkə arasında yüksək səviyyəli dialoqun davamlı olduğunu göstərir. Bu, Azərbaycan–Ukrayna münasibətlərinin sistemli və strateji əsaslara söykəndiyini təsdiqləyir.
İlk növbədə, dövlət başçısının “əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” fikri xüsusi diqqətə layiqdir. Bu ifadə Azərbaycan–Ukrayna əlaqələrinin təsadüfi, situativ və ya yalnız cari siyasi maraqlara əsaslanan münasibətlər olmadığını göstərir. Əksinə, bu münasibətlər uzun illər ərzində formalaşmış, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulmuş sistemli əməkdaşlıq modelidir. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərinə istinad olunması bu münasibətlərin hüquqi bazasının möhkəmliyini bir daha təsdiqləyir. Həmin sənədlər dövlətlərarası əlaqələrin yalnız diplomatik dialoq çərçivəsində qalmadığını, siyasi, iqtisadi, enerji, humanitar və təhlükəsizlik sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq platformasına çevrildiyini göstərir.
Səfərin mühüm məqamlarından biri də hərbi-texniki əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub. Hər iki ölkədə müdafiə sənayesinin inkişaf etdiyi nəzərə alınaraq, birgə istehsal və texnologiya mübadiləsi istiqamətində böyük perspektivlərin olduğu vurğulanıb. Bu sahədə əməkdaşlıq təkcə təhlükəsizlik baxımından deyil, həm də sənaye inkişafı baxımından əhəmiyyətlidir. Yeri gəlmişkən, bu əməkdaşlıq müdafiə xarakterlidir və müasir texnologiyaları, o cümlədən anti-dron sistemlərini əhatə edir. Bununla belə, Azərbaycan münaqişənin hərbi komponentində iştirak etmir. Rəsmi Bakı hər zaman olduğu kimi, bütün tərəflərlə bərabərhüquqlu şəkildə əlaqələrini inkişaf etdirir.
Azərbaycan–Ukrayna münasibətlərinin dərin, çoxşaxəli və strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Bu münasibətlər ortaq dəyərlər, beynəlxalq hüququn prinsiplərinə sadiqlik və qarşılıqlı dəstək üzərində qurulmuşdur. Belə bəyanatlar yalnız mövcud vəziyyətin təsviri deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı