Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Çexiya Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və səsləndirilən bəyanatlar bir məqamı açıq şəkildə göstərdi: iki ölkə arasındakı münasibətlər artıq yeni mərhələyə qədəm qoyur. Bu, sadəcə diplomatik nəzakət çərçivəsində baş verən görüş deyildi, burada konkret planlar, real maraqlar və gələcəyə hesablanmış əməkdaşlıq niyyəti açıq hiss olunurdu.
Davosda başlayan dialoqun qısa müddətdə Qəbələdə davam etməsi təsadüfi deyil. Bu, tərəflərin münasibətlərə ciddi yanaşdığını və onları sürətlə inkişaf etdirmək istədiyini göstərir. Görüşlər zamanı həm regional, həm də qlobal məsələlərin müzakirə olunması isə əməkdaşlığın yalnız iqtisadi deyil, daha geniş siyasi kontekstdə dəyərləndirildiyini deməyə əsas verir.
Ən maraqlı məqamlardan biri iqtisadi münasibətlərin strukturunun dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər oldu. Bu gün Azərbaycan ilə Çexiya arasındakı ticarət əsasən enerji üzərində qurulub. Azərbaycan nefti Çexiya üçün mühüm əhəmiyyət daşıyır və bu sahədə tərəflər artıq formalaşmış etibarlı tərəfdaşdır. Amma açıq şəkildə görünür ki, tərəflər bununla kifayətlənmək istəmir. Məqsəd əməkdaşlığı daha balanslı və çoxşaxəli etməkdir.
Enerji yenə də əsas istiqamət olaraq qalır, amma artıq fərqli prizmadan baxılır. Söhbət təkcə neft və qaz satışından getmir — burada uzunmüddətli strateji əməkdaşlıqdan danışılır. Avropada enerji təhlükəsizliyinin gündəmdə olduğu bir dövrdə Azərbaycanın rolu daha da artır və Çexiya da bu reallığı aydın şəkildə dərk edir.
Diqqət çəkən digər bir sahə müdafiə sənayesidir. Çexiyanın bu istiqamətdə köklü ənənəsi və texnoloji imkanları var. Azərbaycan da son illər ərzində öz müdafiə potensialını gücləndirib. Bu iki faktorun birləşməsi isə təbii olaraq birgə istehsal və əməkdaşlıq üçün ciddi zəmin yaradır. Səsləndirilən fikirlərdən aydın hiss olunur ki, bu sahə yaxın illərdə münasibətlərin əsas istiqamətlərindən birinə çevrilə bilər.
Qəbələdə keçirilən biznes-forum bütün bu fikirlərin praktik müstəviyə keçidinin göstəricisidir. Çexiyadan gələn geniş biznes nümayəndə heyəti, təqdim olunan layihələr və investisiya marağı artıq sözlərin real addımlarla əvəz olunduğunu göstərir. Nəqliyyat, sənaye, texnologiya və enerji sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunması bu tərəfdaşlığın nə qədər geniş potensiala malik olduğunu ortaya qoyur.
Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi də xüsusi rol oynayır. Şərq - Qərb nəqliyyat dəhlizində yerləşməsi ölkəni regionun əsas logistika mərkəzlərindən birinə çevirir. Bu isə Çexiya üçün yalnız iqtisadi deyil, həm də strateji baxımdan maraqlı imkanlar yaradır.
Bizcə, Qəbələ görüşünün ən mühüm nəticəsi tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsi oldu. Çünki istənilən böyük layihənin arxasında ilk növbədə etibar dayanır. Bu etibar artıq mövcuddur və görünən odur ki, tərəflər bundan maksimum istifadə etməyə hazırdır. Beləliklə, Azərbaycan - Çexiya münasibətləri yeni bir mərhələyə keçir: bu mərhələ artıq sözlərdən çox, konkret layihələr və real əməkdaşlıq üzərində qurulur. Qəbələ isə bu yeni mərhələnin başlanğıcı kimi yadda qaldı.
Pərvin Eyvazov
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi