İkinci Qarabağ savaşında son damla qanına qədər yağıya qarşı döyüşüb adını şanlı tariximizə yazan qeyrətli oğullardan biri də 10 noyabr 1994-cü ildə qəhrəmanlar məskəni, polad biləkli qorxmaz mübarizlər diyarı Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olan Fariz Hüseynlidir. Vətən, torpaq sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Məhz buna görə də şərəfli ölümü ilə Fariz əbədi olaraq ürəklərə köçdü. Bir evin oğlu bütün Azərbaycanın qürur yerinə çevrildi. Həmçinin qanı bahasına torpağı Vətən edən bu müqəddəs varlığın səpdiyi qəhrəmanlıq toxumları cücərə- cücərə gələn günlərimiz daha da parlaq olacaq. Beləcə, qərinələr ötəcək, nəsillər bir-birini əvəz edəcək, qaldı ki, şəhid Fariz heç vaxt unudulmaz, özündə Vətəninə, xalqına məhəbbət hissini daşımaqla mənən yaşayacaq. Qəhrəmanların bir tarixi olur, yəni onlar yalnız doğulur ölmürlər.
Uşaqlıqdan vətənpərvər böyüyən Fariz orta məktəbi yaxşı qiymətlərlə bitirib. Hər hansı ali təhsil ocağına girib oxuya bilərdi. Qaldı ki, əzəli yurd yerimiz Qarabağımıza basqın edən yağının cavabını vermək üçün birinci ordu sıralarında xidmət etməyi vacib sayıb. Əsgərlik həyatına cəbhə bölgəsində başlayıb. Hər an erməni dığaları ilə üz-üzə, göz-gözə dayanmaq çətin olsa da, heç nədən qorxusu olmayıb, öz torpağını qoruduğuna görə bununla qürur duyub. Və hər an Vətəni üçün canından keçməyə hazır olan əsgər yağıdan alacağı qisas gününü gözləyib.
Nümunəvi xidməti tezliklə Farizi zabitlərin, əsgərlərin sevimlisinə çevirib. Fəaliyyəti onun mənəvi cəhətdən zəngin əsl vətəndaş, vətənpərvər əsgər olduğunu sübut edib. Həmişə əsgər yoldaşlarına da bildirib ki, ana dediyimiz Vətəni qorumaq, bu yolda şəhid olmaq bizim müqəddəs borcumuzdur.
Həm də Fariz döyüş meydanında yağıya qalib gəlmək üçün təlimlərə həvəslə qoşulub, cəsurluğu, çevikliyi ona uğur qazandırıb. Öyrəndikləri ilə düşmənə qalib gələcəyinə tam inanıb. Əsgərliyini üzüağ bitirən Fariz yağıdan alacağı öcə görə həyatını orduya bağlayıb.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Fariz birincilər sırasında ön cəbhədə vuruşlara qatılıb. Yer aldığı döyüşçü qrupu tərəfindən Tərtər rayonunun Talış kəndidə erməni dığalarının xeyli sayda texnika və canlı qüvvəsi məhv edilib. Laçın rayonu istiqamətində gedən ölüm-dirim savaşda igid döyüşçü ölümə meydan oxumaqla şəxsi rəşadət göstərib. 3 oktyabrda Füzulidə düşmən hücumunun qarşısını alarkən son nəfəsinə qədər döyüşüb və burada əbədiyyətə qovuşub. 4 oktyabr 2020-ci il tarixində doğma kənd məzarlığında canından artıq sevdiyi torpağın sinəsinə baş qoyub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Fariz Hüseynli Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Laçının, Suqovuşanın azadlığı uğrunda medallarına layiq görülüb.
Bəli, nəsibi əzəmətli, möhtəşəm şəhidlik zirvəsi olan Fariz Hüseynli torpağı qorumağı, onu Vətən etməyə can verməyi bacardı. Məhz buna görə adı əbədi olaraq Vətənlə birgə çəkiləcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü