PDF Oxu

Siyasət

  • 954

Strateji əməkdaşlıqdan gələcəyə - ŞƏRH

image

2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi bəyanat isə tərəflər arasında mövcud olan siyasi, iqtisadi və strateji əlaqələrin dərinliyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və bu əlaqələr təsadüfi xarakter daşımır. Dövlət başçısı qeyd etdi ki, “bizim ölkələrimiz strateji tərəfdaşdırlar” və bu tərəfdaşlıq illər ərzində möhkəm hüquqi baza üzərində qurulub. Belə ki, 2014-cü və 2020-ci illərdə iki ölkə arasında strateji tərəfdaşlığa dair mühüm bəyannamələr imzalanıb. Bu sənədlər yalnız siyasi əməkdaşlığı deyil, həm də iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsini təmin edən əsas çərçivə rolunu oynayır.
Prezidentin bəyanatında diqqət çəkən əsas məqamlardan biri də iqtisadi əməkdaşlıqla bağlı idi. İlham Əliyev vurğuladı ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Bu fəaliyyət enerji sektorundan tutmuş tikinti, infrastruktur və sənaye sahələrinə qədər geniş spektri əhatə edir. Xüsusilə enerji sahəsində əməkdaşlıq iki ölkə münasibətlərinin aparıcı istiqamətlərindən biri kimi çıxış edir və Azərbaycan qazının Avropaya nəqlində İtaliyanın mühüm rol oynadığı qeyd olunur.
Bununla yanaşı, Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırdı. Bu fakt, iqtisadi əlaqələrin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf potensialını göstərir. İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə də şərait yaradır.
Humanitar və mədəni əlaqələr də bu tərəfdaşlığın mühüm hissəsidir. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanı və yaxınlığı gücləndirir. Bu istiqamətdə həyata keçirilən layihələr uzunmüddətli perspektivdə münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Səfər çərçivəsində aparılan danışıqlar və verilən bəyanatlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır. Bu əlaqələr yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bəyanatı bir daha təsdiqlədi ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq davamlı və çoxşaxəli xarakter daşıyır. Bu əməkdaşlıq gələcəkdə daha da genişlənərək yeni layihələr və təşəbbüslərlə zənginləşəcək və hər iki ölkə üçün faydalı nəticələr verəcəkdir.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər