PDF Oxu

Siyasət

  • 1 503

Cənubi Qafqazda yeni siyasi mərhələ - ŞƏRH

image

2026-cı il mayın 4-də İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda sülh, əməkdaşlıq və yeni geosiyasi reallıqlar barədə mühüm mesajlar verib. Prezident çıxışında xüsusilə Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın artırılmasının vacibliyini vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan post-münaqişə dövründə regionda davamlı sülhün təmin olunması üçün ardıcıl addımlar atır. O, beynəlxalq tərəfdaşları bu prosesə dəstək verməyə çağıraraq bildirib ki, əməkdaşlıq platformalarının genişləndirilməsi həm regional, həm də Avropa miqyasında təhlükəsizliyə töhfə verə bilər.
Zirvə toplantısının diqqətçəkən məqamlarından biri isə Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi olub. Bu addım iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm siqnal kimi qiymətləndirilir.
Prezident cənab İlham Əliyev nitqində ən çox vurğulanan məqam Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı statusu oldu. O, bildirdi ki, iki ölkə arasında sülh artıq de-fakto mövcuddur. Sərhədlərin delimitasiyası prosesində əldə edilən tarixi uğurlar, o cümlədən işğal altında olan anklav olmayan kəndlərin bir güllə atılmadan, diplomatik yolla geri qaytarılması Cənubi Qafqazda yeni bir presedent yaratmışdır. Dövlət başçısı vurğuladı ki, kənar güclərin müdaxiləsi olmadan aparılan birbaşa dialoq ən effektiv həll yoludur.
İlham Əliyevin zirvə toplantısındakı çıxışı və Ermənistanın verdiyi dəstək Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərinin gücləndiyini göstərir. Əgər bu dinamika davam edərsə, yaxın illərdə regionda daha sabit və proqnozlaşdırıla bilən siyasi mühitin formalaşması mümkündür.
Prezident İlham Əliyev sülh prosesini dəstəkləmək əvəzinə, onu sabotaj etməyə çalışan bəzi Avropa təsisatlarını kəskin tənqid etdi. O, Avropa Parlamentinin (AP) son 5 ildə Azərbaycan əleyhinə qəbul etdiyi 14 qərəzli qətnaməni "obsesiya" (sayıqlama) adlandırdı. Prezident vurğuladı ki, AŞPA və AP kimi qurumlar islamofobiya və miqrasiya kimi daxili problemləri həll etmək əvəzinə, ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar.Münasibətlərin normallaşmasının ən maraqlı göstəricilərindən biri də Ermənistanın Azərbaycanın növbəti ev sahibliyini dəstəkləməsi oldu.
Azərbaycan bu gün yalnız qalib ölkə deyil — həm də sülhü seçən, gələcəyi düşünən və beynəlxalq münasibətlərdə yeni yanaşma formalaşdıran dövlətdir. Bu yanaşma isə getdikcə daha çox ölkə üçün nümunəyə çevrilir.
Qeyd edək ki, 8-ci “Avropa Siyasi Birliyi” Zirvə toplantısında səsləndirilən fikirlər Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin konturlarını cızdı. Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız regionda deyil, daha geniş coğrafiyada sabitlik, əməkdaşlıq və inkişafın təşviqində mühüm rol oynayan aktordur. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artmasının və strateji tərəfdaşlıqlarının genişlənməsinin bariz göstəricisidir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər