PDF Oxu

Siyasət

  • 673

Bakıdan Avropaya verilən mesaj - ŞƏRH

image

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı regionda yeni siyasi və iqtisadi mühitin formalaşmasına, gələcək perspektivlərin müzakirəsi baxımından əlamətdardır. Bir sıra Avropa liderlərinin qatıldığı toplantıda müzakirə olunan məsələlər Avropanın enerji təhlükəsizliyi ilə yanaşı regionda sülh, əlaqələrin dərinləməsi kimi məsələləri əhatə edirdi.

Toplantıya video görüntü ilə qatılan dövlət başçısı İlham Əliyev çıxışında bir sıra məqamlara toxundu. Bildirdi ki, tədbirin İrəvanda keçirilməsi ilə bağlı Azərbaycanın mövqeyi müsbət olub: “Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh platformasına da toxunub: “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”.

Son zamanlar Avropa Parlamentinin Azərbaycana qarşı qəzərli qətnamələrinə toxunan prezident İlham Əliyev bu qurumun sülhə qarşı çıxdığını deyib: “Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın”.

Onu da bildirək ki, dövlət başçısının tədbirdə çıxışı bir sıra xarici media orqanlarında geniş işıqlandırılıb. Türkiyənin “Hürriyet qəzetinin “Prezident Əliyevdən Ermənistana barış mesajı” sərlövhəli məqaləsində Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin yarandığı diqqətə çatdırılır, iqtisadi və nəqliyyat əməkdaşlığı üzrə ilk addımların atıldığı qeyd olunur. Bununla yanaşı Türkiyənin “TRT World”, “Akşam”, “Cumhuriyet”, “Haber Global”, “Star”, “Aydınlık”, “Yeşil İğdır”, “Mersin Haber”, “Haber 1”, “Ankahaber” media orqanları da Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından əsas məqamları dərc edib.

Misirin “NDB Masr” nəşri, Yəmənin “Saba” və Livanın NNA xəbər agentlikləri, “Leboanon files” portalı, Qazaxıstanın “Ulısmedia” qəzeti, Tacikistanın “Xabarixuş” saytı da dövlət başçısının “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışına geniş yer verib.

Mətanət Səfərli

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər