44 günlük haqq savaşımızda yağıya qarşı döyüşlərdə tarix yazan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, XTQ Kimya Xidmət rəisi, Şuşa Fatehi, şəhid baş leytenant Əliqismət Mükafat oğlu Yaqublunun 30 yaşı tamam oldu. Bu münasibətlə ölümsüzlüyə qovuşan qəhrəmanın xatirəsinə həsr olunmuş “Lerik FİCHT Club” un rəhbəri Rizvan Abayevin təşkilatçılığı ilə “qaydasız döyüş” idman növü üzrə yarış keçirildi.
Maraqla qarşılanan, qürur hissi doğurdan İdman yarışına Əliqismət Yaqublunun valideynləri, şəhid ailələri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, İcra Aparatının kollektivi, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər tamaşa etdilər.
Yarışın açılışında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən, polad sinəsini ana Vətənə sipər edən şəhidlərin hünərindən , şəhid ailələrinə göstərilən dövlət qayğısından danışdı, hər yerdə, hər zaman şəhidlərə xalqımızın ehtiram göstərdiyini və belə tədbirlərin şəhid ailələrinə böyük mənəvi dəstək olduğunu dilə gətirdi.
Jurnalist Hüsaməddin Abbasov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və digər çıxış edən natiqlər şəhidin şərəfli həyat və döyüş yolundan iftixarla söz açdılar, belə tədbirlərin tez-tez təşkilinin əhəmiyyətini, eləcə rayonda idmanın inkişafına təsirini xüsusi olaraq qeyd etdilər . Məktəbli Elmin Zülfiyev isə şair Qəhrəman Əliyevin şəhid baş leytenanta həsr etdiyi “Cənab leytenant” şerini oxudu.
Şəhidin atası Mükafat Yaqubov öz növbəsində şəhidlərə olan ehtirama görə xalqımıza, şəhid ailələrinə göstərilən yüksək qayğıdan ötrü Prezidentimizə, dövlətimizə, Lerik Rayon İcra Hakimiyyətinə, “Lerik FİCHT Club” un rəhbəri, İdman ustası Rizvan Abayevə, yarışda iştirak edən gənc idmançılara təşəkkürünü bildirdi və yarışın başlanması üçün start komandasını verdi.
Tədbirin aparıcı diktoru Ruslan Məmmədovun yarış boyu iştirakçılar haqqında məlumat və şərhləri oldu. 10 idmançının qatıldığı, maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 5 nəfər qalib gəldi. I yerə çıxan qaliblər şəhidin fotoşəkili həkk olunmuş qara kəmərlə təltif edildilər. Əliqismət Yaqublunun fotosu həkk olunmuş digər simvolik qırmızı kəmər isə onun atasına təqdim olundu.
Qeyd edək ki, dağlar diyarı Lerikdə dünyaya göz açan Əliqismət Yaqublu Daşaltının yağı tapdağından azad olunması uğrunda döyüşlərdə şəhadətə qovuşub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda”, “Şücaətə görə”, Şuşanın, Kəlbəcərin, Xocavəndin azadlığı uğrunda medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü