PDF Oxu

Siyasət

  • 1 031

Azərbaycan diplomatiyasının növbəti uğuru - ŞƏRH

image

2026-cı il mayın 4-də Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Azərbaycanın regional və beynəlxalq müstəvidə oynadığı mühüm rolu bir daha diqqətə çatdırdı. Dövlət başçısının çıxışı həm ölkəmizin müasir geosiyasi proseslərdə tutduğu mövqeni, həm də Avropa ilə əməkdaşlığın inkişafına verilən önəmi aydın şəkildə nümayiş etdirdi. Prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın etibarlı tərəfdaş, enerji təhlükəsizliyinə töhfə verən mühüm dövlət və sülh təşəbbüslərinin fəal iştirakçısı kimi mövqeyini bir daha təsdiqlədi.

“Avropa Siyasi Birliyi” platforması son illərdə Avropa məkanında siyasi dialoqun genişləndirilməsi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyan beynəlxalq platformalardan birinə çevrilib.
Cənab Prezident çıxışında vurğuladı ki, Ermənistanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləməsi mühüm siyasi jest kimi qiymətləndirilə bilər. Bu, tərəflər arasında normallaşma prosesinin irəlilədiyini göstərən mühüm siqnaldır. Belə bir addım regionda etimadın formalaşmasına və dialoqun genişlənməsinə xidmət edir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və geosiyasi mövqeyi nəzərə alındıqda, bu təşəbbüs həm də regionun inteqrasiya potensialını artırır.
Dövlətimizin başçısının bu çıxışı həm tədbir iştirakçıları, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar ehtiva edirdi. Azərbaycanın mövqeyi bu çıxışda aydın, prinsipial və beynəlxalq hüquqa əsaslanan bir yanaşma kimi təqdim olundu.
Azərbaycanın sülh gündəliyinə sadiqliyi ölkənin atdığı praktik addımlarda da öz əksini tapır. Vaşinqtonda imzalanmış sənədlər, o cümlədən Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair razılaşma və Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu kontekstdə ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar Cənubi Qafqazda uzunmüddətli münaqişənin başa çatdırılması istiqamətində mühüm addım olmuşdur.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər yalnız bir siyasi bəyanat deyil, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan struktur problemlərə işarədir. Avropa təsisatlarının regiona münasibətdə daha balanslı, hüquqa əsaslanan və prinsipial mövqe sərgiləməsi həm Ermənistan–Azərbaycan sülh prosesinin uğuru, həm də ümumilikdə beynəlxalq hüququn nüfuzu baxımından vacibdir. Tarix göstərir ki, ikili standartlar uzunmüddətli perspektivdə nə sabitlik, nə də ədalət gətirir. Buna görə də, yeni mərhələdə daha obyektiv və bərabər yanaşmanın formalaşdırılması qaçılmaz zərurət kimi çıxış edir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər